Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya, Cənubi Keçid Şurası (STC) qüvvələri tərəfindən Əl-Mukalla limanının ələ keçirilməsindən sonra Yəmənin Hadramaut əyalətində məhdud hərbi əməliyyata başladığını elan etdi.
Səudiyyə Ərəbistanının SPA xəbər agentliyi koalisiya bəyanatına istinadən bildirib ki, “Məhdud hərbi əməliyyat zamanı təhlükəsizliyini təmin etmək üçün Əl-Mukalla liman ərazisindəki mülki şəxslərin təxliyəsinə çağırırıq”.
SPA koalisiya bəyanatına istinadən bildirib ki, koalisiya Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) gələn iki gəmiyə zərbə endirib. Bəyanatda deyilir: “Təhlükəsizlik və sabitliyi təhdid edən bu silahların yaratdığı təhlükə və eskalasiya nəzərə alınmaqla, koalisiya hava qüvvələri bu səhər Əl-Mukalla limanında iki gəmidən boşaldılmış silahları və döyüş maşınlarını məhv etmək məqsədi ilə məhdud hərbi əməliyyat keçirib”.
Məlumata görə, 27-28 dekabr tarixlərində Yəməndəki STC qüvvələrini dəstəkləmək üçün Fujairahdan (BƏƏ-nin şərq sahilindəki liman şəhəri) iki gəmi “icazəsiz Əl-Mukalla limanına daxil olub”, “izləmə sistemlərini sıradan çıxarıb və çoxlu sayda silah boşaldıb”. Bu hərəkətlər koalisiya tərəfindən “atəşkəs rejiminin və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması” kimi qiymətləndirilib.