Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Gürcüstan mənşəli iri və xırdabuynuzlu heyvanların Azərbaycan ərazisindən tranzit daşınmasına və diri heyvan idxalına tətbiq olunan məhdudiyyətləri dekabrın 10-dan etibarən ləğv edib. Qərara əsasən, ölkə ərazisində heyvan bazarlarının fəaliyyəti də bərpa olunub. Bəs bu qərar yerli ət bazarına necə təsir edəcək?
“Bazarlarda ət kifayət qədər bahalaşıb”
Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Azər Badamovun sözlərinə görə, Gürcüstandan ət idxalına tətbiq olunmuş qadağanın ləğv olunması bazara az da olsa təsirini göstərəcək: “Qadağa dabaq xəstəliyin yayılması ilə bağlı tətbiq olunmuşdu. Bununla əlaqədar heyvan bazarlarına da müəyyən məhdudiyyətlər qoyulmuşdu. İndi isə xəstəlik səngidiyindən qadağalar aradan qaldırılır və heyvan bazarlarının sərbəst fəaliyyətinə icazə verilir. Yəni həm bazarlarda məhdudiyyətlərin olmaması, həm də idxalın həyata keçirilməsi ət bazarında təklifləri çoxaldacaq. Ətin idxalına və satışına məhdudiyyətlərin aradan qalxması bazarda müəyyən qədər bolluq yaratmalıdır. Ona görə deyə bilərik ki, idxala tətbiq olunmuş məhdudiyyətin aradan qalxması, ən azından bazarlarda ətin qiymətini sabit saxlayacaqdır”.
Yerli istehsal tələbatı ödəyə bilmir
A.Badamov bildirdi ki, yerli istehsal ölkədə ətə olan tələbatı ödəyə bilmir: “İdxala tətbiq olunmuş məhdudiyyətin aradan qalxması yerli istehsalçılara da təsir göstərməyəcək. Ət bazarını sabit saxlamaq üçün mütləq şəkildə idxal olunmalıdır. Yerli istehsalçılar üçün isə ət istehsalı kifayət qədər rentabelli sahədir. Amma çox təəssüf olsun ki, çox hallarda kəndlilər ağır təsərrüfat işlərindən qaçırlar. O cümlədən mal-qaranı saxlamaq da istəmirlər. Əgər kəndlilər həmişə olduğu kimi heyvandarlığa üstünlük verərlərsə, həm daxili bazarı təmin edər, həm də kifayət qədər gəlir əldə edə bilərlər. Dövlətin müvafiq orqanları bazarlarda təklif və tələbi öyrənirlər. Təbii ki, təklif tələbdən artıq olacağı təqdirdə idxalın nizamlanması istiqamətində müvafiq addımlar atılacaq”.