AZ

Hərbi xidmət keçməkdən boyun qaçıran gənc məhkəmə zalından həbs edildi

Şəki Apellyasiya Məhkəməsində hərbi xidmət keçməkdən boyun qaçırmada təqsirləndirilən Rauf Bədəlovun (ad, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
 

İttihama görə, təqsirləndirilən şəxs hərbi xidmətdən qəsdən yayınmaqda təqsirli bilinərək məhkum edilib.


Müəyyən edilib ki, 2006-cı il təvəllüdlü Rauf Bədəlov Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməyib, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 19, 20 və 21-ci maddələrində nəzərdə tutulmuş çağırışdan möhlət hüququna malik olmayıb və çağırış komissiyası tərəfindən tibbi müayinədən keçirilərək hərbi xidmətə yararlı hesab edilib. Buna baxmayaraq, qanunun tələblərinə əməl etməyərək müddətli həqiqi hərbi xidmətdən yayınmaq məqsədilə növbəti çağırışdan qəsdən boyun qaçırıb.
 

Belə ki, dövlət başçısının 20 may 2024-cü il tarixli Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsi tərəfindən ona 04 iyun 2024-cü il tarixli çağırış vərəqəsi təqdim edilib. Təqsirləndirilən şəxs həmin vərəqəni qəbul etməkdən imtina edib və 01 iyul 2024-cü il tarixindən etibarən qanuni əsas olmadan hərbi xidmətdən yayınmaqda davam edib.


Yevlax Rayon Məhkəməsinin hökmü ilə Rauf Bədəlov 11 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində əvvəl seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunub, təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilib.


Hökmdən narazı qalan Rauf Bədəlovun müdafiəçisi apellyasiya şikayəti verib.


Kamal Məmmədov 

Tarix: 30 Dekabr 2025, 09:48   
Seçilən
97
pravda.az

1Mənbələr