AZ

Şahin Seyidzadə: Azərbaycanın gücü Qalib dövlətin idman tribunası kimi arenalardan dünyaya yayılır



Müasir dünyada idman artıq təkcə fiziki mübarizə meydanı deyil. O, dövlətlərin gücünü, təşkilatçılıq imkanlarını, ideoloji dayaqlarını və gələcək vizyonunu nümayiş etdirən mühüm platformaya çevrilib. Azərbaycan bu reallığı vaxtında dərk edən və idmanı strateji dövlət siyasətinə çevirən nadir ölkələrdəndir. 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə Cənab Prezident İlham Əliyevin iştirakı və çıxışı məhz bu konseptual yanaşmanın aydın siyasi manifesti oldu.

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.

Fikirlərini davam etdirən millət vəkili bildirib ki, 2025-ci il Azərbaycan idmanı üçün həm statistik, həm də məzmun baxımından xüsusi çəkisi olan bir il kimi tarixə düşdü. Beynəlxalq yarışlarda 2000-dən artıq medal, o cümlədən 600-dən çox qızıl medalın qazanılması bir daha sübut etdi ki, ölkəmizdə idman uğurları təsadüfi deyil. Prezident İlham Əliyevin vurğuladığı kimi, medalların sayında müşahidə olunan artım ardıcıl dövlət siyasətinin, planlı inkişafın və sistemli yanaşmanın məntiqi nəticəsidir. Bu göstəricilər Azərbaycan idmanının artıq kəmiyyət mərhələsindən keyfiyyət mərhələsinə keçdiyini göstərir. Burada əsas məqam nəticələrin sabitliyi və ildən-ilə artan dinamikanın mövcudluğudur. Azərbaycanda idmanın inkişafı ilk növbədə güclü infrastrukturun yaradılması ilə müşayiət olunub. Dövlət başçısının çıxışında qeyd etdiyi kimi, bu gün ölkədə idman infrastrukturu demək olar ki, yenidən və ən yüksək standartlara uyğun şəkildə formalaşdırılıb. Gəncə və Yevlaxda istifadəyə verilən yeni Olimpiya İdman Kompleksləri ilə birlikdə bölgələrdə bu cür komplekslərin sayı 46-ya çatıb. Bu fakt regional inkişaf strategiyasının idmanla üzvi şəkildə əlaqələndirildiyini göstərir. İdman obyektləri bölgələrdə yalnız yarışlar üçün deyil, gənclərin sağlam həyat tərzinə yönləndirilməsi, sosial aktivliyin artırılması və ictimai mühitin sağlamlaşdırılması baxımından mühüm rol oynayır. Prezident İlham Əliyevin çıxışında xüsusi ideoloji xətt kimi qabardılan məqamlardan biri də idmanın gənclərin fiziki hazırlığı ilə yanaşı, mənəvi tərbiyəsinə xidmət etməsidir. Sağlam bədənlə sağlam ruhun vəhdəti Azərbaycanın gənclər siyasətinin əsas fəlsəfəsini təşkil edir. Vətənpərvərlik, milli məsuliyyət, dövlətə bağlılıq kimi dəyərlər idman vasitəsilə gənc nəslin şüuruna aşılanır. Xüsusilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbədən sonra idmançılar beynəlxalq arenalarda qalib xalqın nümayəndələri kimi çıxış edir və bu status onların məsuliyyətini daha da artırır.

Millət vəkili onu da əlavə edib ki, 2025-ci ildə Azərbaycanda keçirilmiş III MDB Oyunları ölkənin idman potensialı ilə yanaşı, siyasi və inzibati imkanlarını da nümayiş etdirdi. Yarışların Gəncə başda olmaqla müxtəlif şəhərlərdə, o cümlədən Xankəndidə təşkili Azərbaycanın ərazi bütövlüyünün və suveren idarəçiliyinin idman dili ilə dünyaya çatdırılması idi. Minlərlə xarici qonağın bölgələrdə yüksək səviyyədə qarşılanması, yaradılan şərait və təşkilati peşəkarlıq Azərbaycanın artıq beynəlxalq idman tədbirlərini regionlarda da uğurla keçirməyə qadir olduğunu sübut etdi. UFC üzrə beynəlxalq turnirin ilk dəfə Bakıda keçirilməsi, Formula 1 yarışlarının ənənəvi xarakter alması və dünya mediasında geniş işıqlandırılması paytaxtımızın qlobal idman mərkəzi statusunu daha da möhkəmləndirdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Formula 1 yarışlarının ölkəmizə turist axınını 20 faiz artırması idmanın iqtisadi və imic baxımından əhəmiyyətini açıq şəkildə ortaya qoyur. Yarım milyardlıq auditoriyaya malik bu yarışlar vasitəsilə dünya Azərbaycanı yalnız idman ölkəsi kimi deyil, müasir, təhlükəsiz və dinamik inkişaf edən dövlət kimi tanıyır. Qusarda Şahdağ Xizək Kurortunda keçiriləcək Xizək üzrə Dünya Kuboku Azərbaycan idman tarixində yeni səhifədir. Bu yarış ölkəmizi qış idman növləri üzrə də beynəlxalq təqvimə daxil edir. Şahdağda yaradılan infrastruktur, trasların genişləndirilməsi və özəl sektorun artan marağı idmanın regional iqtisadiyyatın lokomotivinə çevrildiyini göstərir. Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsi isə Azərbaycan dövlətinə və onun idman siyasətinə verilən beynəlxalq etimadın bariz ifadəsidir. Bu status ölkəmizin son illər idman sahəsində atdığı addımların, həyata keçirdiyi layihələrin və qazandığı nüfuzun məntiqi nəticəsidir.
2025-ci ilin idman yekunları göstərdi ki, Azərbaycan üçün idman sadəcə nəticə deyil, dövlət düşüncəsinin, milli iradənin və gələcəyə inamın ifadə formasıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasət Azərbaycanın qələbə ruhunu yalnız döyüş meydanlarında deyil, idman arenalarında da daim diri saxlayır. Bu gün Azərbaycan Bayrağı idman meydanlarında dalğalanırsa, bu, təkcə idmançının qələbəsi deyil güclü dövlətin, müdrik siyasətin və qalib xalqın da təntənəsidir-deyə Şahin Seyidzadə fikirlərini yekunlaşdırıb.



Seçilən
76
aia.az

1Mənbələr