AZ

ABŞ Sakit okeanda narkotik qaçaqmalçılarına məxsus gəmiyə zərbə endirib

Zərbə beynəlxalq sularda həyata keçirilib, iki nəfər ölüb...

Poliqon xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələri Sakit okeanın şərq hissəsində, beynəlxalq sularda narkotik qaçaqmalçılarına məxsus bir gəmiyə zərbə endirib. ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığının açıqlamasına görə, əməliyyat nəticəsində iki nəfər həlak olub. Amerika hərbçiləri arasında isə itki qeydə alınmayıb.

Cənub Komandanlığının X sosial şəbəkəsində yaydığı bəyanatda bildirilib ki, dekabrın 29-da ABŞ-nin müdafiə naziri Pit Heqsetin göstərişi ilə “Cənub nizəsi” adlı birgə əməliyyat qrupu sözügedən gəmiyə qarşı ölümcül kinetik zərbə endirib. Açıqlamada vurğulanır ki, gəmi terrorçu təşkilatlarla əlaqəli strukturlara məxsus olub.

Rəsmi məlumata əsasən, kəşfiyyat məlumatları təsdiqləyib ki, hədəf alınan gəmi regionda yaxşı tanınan narkotik qaçaqmalçılığı marşrutları üzrə hərəkət edib və narkotik maddələrin daşınması əməliyyatlarında birbaşa iştirak edib. ABŞ hərbi qurumları bu cür əməliyyatların narkotik ticarətinin maliyyələşdirdiyi cinayət və terror şəbəkələrinə qarşı yönəldiyini bildirir.

Qeyd olunur ki, dekabrın 18-də də Sakit okeanın eyni bölgəsində ABŞ silahlı qüvvələri göyərtəsində dörd nəfər olan başqa bir gəmiyə zərbə endirib. Həmin gəminin də narkotik qaçaqmalçılığı ilə məşğul olduğu müəyyən edilib.

ABŞ Karib dənizi və Sakit okean hövzəsində narkotik ticarətinə qarşı genişmiqyaslı əməliyyatları sentyabr ayından həyata keçirir. Bu müddət ərzində ümumilikdə 20-dən çox gəminin məhv edildiyi açıqlanıb. Vaşinqton bu əməliyyatları beynəlxalq təhlükəsizliyin təmin olunması və transmilli cinayətkarlığa qarşı mübarizənin bir hissəsi kimi qiymətləndirir.

Poliqon.info

Seçilən
112
poliqon.info

1Mənbələr