AZ

ABŞ-də pivə formasında vaksin hazırlanıb

Alim BK-poliomavirusuna qarşı qeyri-ənənəvi yanaşmanı sınaqdan keçirib...

ABŞ-nin Merilend ştatının Betesda şəhərində yerləşən Milli Xərçəng İnstitutunun virusoloqu Kris Bak pivə formasında ilk vaksin hazırladığını açıqlayıb.

Poliqon xəbər verir ki, bu barədə ScienceNews nəşri məlumat yayıb.

Alimin sözlərinə görə, hazırladığı bu qeyri-adi vaksin BK-poliomavirusunun bir neçə alt tipinə qarşı qoruyucu təsir göstərir. BK-poliomavirus geniş yayılmış DNT virusudur və insanların əksəriyyəti uşaqlıq dövründə ona yoluxur. Virus adətən simptomsuz keçir, lakin böyrəklərdə gizli qalaraq immunitet zəiflədikdə yenidən aktivləşə, nefropatiyaya (böyrək zədələnməsi) və ya hemorragik sistitə səbəb ola bilər. Xüsusilə böyrək transplantasiyası keçirmiş şəxslər üçün bu virus təhlükəlidir, çünki köçürülmüş orqanın orqanizm tərəfindən rədd edilməsinə gətirib çıxara bilər.

Kris Bak “pivə vaksini”nin hazırlanmasında çörək, pivə, şərab, şokolad və hətta qəhvə istehsalında istifadə olunan Saccharomyces cerevisiae mayalarından yararlanıb. Afisha Dailynin yazdığına görə, alim bu mayalar vasitəsilə infeksiya törətməyən virusabənzər hissəciklər istehsal edib.

Daha sonra Bak həmin mayalardan istifadə edərək pivə hazırlayıb və təcrübəni öz üzərində aparmağa başlayıb. O, beş gün ərzində gündə bir pint pivə qəbul edib, daha sonra isə yeddi həftə fasilə ilə iki əlavə beşgünlük “buster” kursu keçirib. Anticisimlərin səviyyəsini ölçmək üçün alim mütəmadi olaraq barmağından qan nümunələri götürüb.

Bakın bildirdiyinə görə, onun orqanizmində BK-poliomavirusunun bir neçə alt tipinə qarşı anticisimlərin səviyyəsi böyrək transplantasiyasından sonra olan xəstələr üçün qoruyucu hesab edilən həddə çatıb. Təcrübə zamanı, sərxoşluqdan başqa, heç bir yan təsir müşahidə edilməyib.

Alim öz üzərində apardığı bu təcrübənin nəticələrini Zenodo platformasında və Substack bloqunda dərc edib. Qeyd olunur ki, bu işlər elmi rəy prosesindən (peer review) keçməyib. ABŞ Milli Səhiyyə İnstitutlarının etik komitələri isə riskləri və standart klinik sınaqların olmamasını əsas gətirərək bu cür özünü sınaqdan keçirmə təcrübəsini təsdiqləməyib.

Bir sıra alimlər Bakın yanaşmasını tənqid edərək vurğulayıblar ki, təhlükəsizlik və effektivlik barədə nəticələr yalnız bir nəfərin təcrübəsinə əsasən çıxarıla bilməz və xüsusilə həssas xəstələr üçün nəzərdə tutulan vaksinlər mütləq tam klinik sınaqlardan keçməlidir. Digər tədqiqatçılar isə oral vaksin ideyasını perspektivli hesab etsələr də, onun təqdimat və yayılma formasına şübhə ilə yanaşırlar.

Kris Bak özü isə gələcəkdə ABŞ Qida və Dərman Administrasiyasından (FDA) rəsmi təsdiq almağı hədəflədiyini bildirib. Bununla yanaşı, o, maya əsaslı vaksinin qida məhsulu və ya qida əlavəsi kimi yayılması imkanlarını da araşdırır, çünki bu sahədə sınaq tələbləri daha yumşaqdır.

“Bu, karyeram boyu gördüyüm ən vacib işdir. O qədər önəmlidir ki, karyeramı riskə atmağa hazıram. İnstitutla bağladığım müqavilədə mənim vəzifəm elmi biliklər yaratmaq və onları yaymaqdır. Mən də bunu edirəm: bilik yaradıram, onları yayıram və ictimaiyyətə təqdim etməyə çalışıram”, – deyə alim qeyd edib.

Poliqon.info

Seçilən
18
4
poliqon.info

5Mənbələr