AZ

Şəhidlərin xatirəsinə həsr olunan boks turniri keçirildi

Mehdiabad qəsəbəsində qəhrəman şəhidlərimiz Rasim Rufullayev, Elşən Sultanlı, Vüqar Baloğlanov, Səyyar Ağayev, Fəyaz Masiyev, Arif Bağırov, Şahin Abdullayev və Qiyas Əzizovun xatirəsinə həsr olunmuş klublararası boks turniri keçirilib.

Fanat.Az-ın məlumatına görə, yarışın əsas təşkilatçısı Cənub İdman Klubu olub.

Yarışın təşkilində həmçinin, beynəlxalq dərəcəli hakim və məşqçi Tofiq Salmanovla idman ustası Hakim Tağıyevin böyük rolu olub. Tədbirdə, eyni zamanda, şəhidlərimizin valideynləri, onların ailə üzvləri də iştirak ediblər. Şəhid Rasim Rufullayevin atası Yadigar Rufullayev, Elşən Sultanlının atası Nazim Sultanov, Arif Bağırovun əzizi Vasif Bağırov tədbirlə bağlı çıxış edərək təşkilatçılara minnətdarlıq ediblər, şəhidlərimizin xatirəsinə həsr olunmuş belə yarışların tez-tez baş tutmasını arzu ediblər. 

Bir dəqiqəlik sükutdan və himnimizin səsləndirilməsindən sonra start götürən turnirdə 14 klubun 100-dək boksçusu iştirak edib.

Komanda hesabında 1-ci yeri məhz Cənub İdman Klubunun idmançıları tutublar. Döyüşlər başa çatdıqdan sonra şəhidlərimizin yaxınları qalibləri mükafatlandırıb, onlara fəxri fərman və diplomlar təqdim ediblər.  

Cənub İdman Klubunun təsisçisi və baş direktoru, respublikanın əməkdar məşqçisi Samir Həsənov tədbirlə bağlı açıqlamasında bunları deyib: 

“16 ildir bu sahədəyəm. İlk dəfə 2010-cu ildə Milli Qəhrəmanımız Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş yarışı təşkil etmişəm. Həmin yarış böyük əks-səda doğurmuşdu. Söz verdim ki, belə tədbirlərin müntəzəm keçirilməsi üçün əlimdən gələni edəcəyəm. Bügünkü yarış da bu qəbildəndir. Əsas məqsəd gənclərimizin vətənpərvər ruhda böyüməsinə töhfə vermək, istedadlı uşaqlarımızın üzə çıxmasına yardım etmək, onların idmana olan marağını daha da artırmaqdır". 

Seçilən
103
50
fanat.az

10Mənbələr