Şimali Koreya ordusu bazar günü uzun mənzilli qanadlı raketlərin buraxılışı ilə bağlı hərbi təlimlər keçirib. Vətəninfo.az xəbər verir ki, təlimlərdə ölkə lideri Kim Çen Inın da iştirak etdiyi bildirilir.
Şimali Koreyanın rəsmi xəbər agentliyi KCNA-nın məlumatına görə, təlimlər 28 dekabr tarixində Koreyanın Qərb dənizində (Sarı dənizdə) təşkil olunub. Bildirilib ki, buraxılan uzun mənzilli strateji qanadlı raketlər müəyyən edilmiş trayektoriya üzrə uçaraq hədəfləri dəqiq vurub.
Məlumata əsasən, raketlər Sarı dəniz üzərində müvafiq olaraq 10 199 saniyə və 10 203 saniyə havada qalaraq uçuşu uğurla başa çatdırıb.
Təlimləri izləyən Kim Çen In nəticələrdən “böyük məmnunluq” ifadə edib. Hesabatda vurğulanıb ki, bu təlimlər KXDR-in strateji əks-hücum qabiliyyətinin yüksək etibarlılığını nümayiş etdirib.
KCNA-nın yaydığı açıqlamada qeyd olunur ki, Kim Çen In partiya və Respublika hökumətinin dövlətin nüvə döyüş qüvvələrini davamlı və hərtərəfli şəkildə gücləndirmək və inkişaf etdirmək istiqamətində səylərini davam etdirəcəyinə əminliyini ifadə edib.