AZ

Gümüşün qiyməti dekabrda 40 faizdən çox artıb

Bakı, 29 dekabr, AZƏRTAC

Dekabr ayı ərzində dünya birjalarında gümüşün qiyməti 40 faizdən çox bahalaşıb.

AZƏRTAC xəbər verir ki, gümüşün qiymətindəki tarixi artım tendensiyası davam edir. İlin sonunda sürətli qiymət artımı spekulyativ əməliyyatlar, tələb və təklif arasındakı davam edən uyğunsuzluq fonunda baş verir. Belə ki, bazar ertəsi gümüşün qiyməti bir troya unsiyası üçün 6 faizədək artaraq 84 dolları ötməklə rekord səviyyəyə çatıb. Həmçinin gümüşün qiyməti 1951-ci ildən bəri ən yaxşı illik artım göstəricisinə çatmaq üzrədir.

Ekspertlərin fikrincə, dolların zəifləməsi, artan geosiyasi gərginlik qızıl və platin də daxil olmaqla qiymətli metalların cəlbediciliyini artırır. Bu, həmin metalların qiymətinin ən yüksək səviyyələrə qalxmasına səbəb olur. Qiymət artımı, həmçinin mərkəzi bankların böyük alışları, birja ticarət fondlarına daxilolmalar və ABŞ Federal Ehtiyat Sisteminin ardıcıl 3 dəfə uçot dərəcəsini endirimi ilə əlaqədardır.

Bundan başqa, borclanma xərclərinin aşağı olması əmtəələrə də müsbət təsir göstərir.

Eyni zamanda, ötən həftə sonu amerikalı milyarder İlon Maskın sosial şəbəkədə qiymətli metallara artan investor həvəsinə işarə edən şərhi də qiymətdəki artım tendensiyasına təsirsiz ötüşməyib. O, Çinin ixrac məhdudiyyətləri ilə bağlı deyib: “Bu, yaxşı deyil. Gümüş bir çox sənaye prosesində vacibdir”.

Qeyd edək ki, Çinin həyata keçirdiyi bu tədbirlər əvvəlki siyasətlərin davamıdır və Ticarət Nazirliyi tərəfindən ilk dəfə oktyabrın 30-da elan olunmuşdu.

Seçilən
66
10
azertag.az

10Mənbələr