Bakı, 29 dekabr, AZƏRTAC
Səhiyyə Nazirliyi və digər dövlət qurumları tərəfindən narkotik vasitələrin istifadəsi ilə mübarizədə kifayət qədər ciddi işlər görülməsinə baxmayaraq, düşünürəm ki, hələ də həllini gözləyən məsələlər mövcuddur.
AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Gömrük Təşkilatının Bakıda yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində keçirilən dəyirmi masada səhiyyə nazirinin müavini Rasim İsmayılov deyib.
O qeyd edib ki, mövcud problemlərdən biri narkotik istifadəçilərinin müalicəsində qarşıya çıxan çətinliklər, xüsusilə də həkim-narkoloqların çatışmazlığıdır. Statistik məlumatlara əsasən, ölkə üzrə qeydiyyatda olan həkim-narkoloqların sayı olduqca azdır. Bu da gənc nəslin bu sahəyə marağının zəif olması ilə əlaqədardır.
“Yaxın gələcəkdə Səhiyyə Nazirliyi tərəfindən bu problemin aradan qaldırılması məqsədilə inkişaf etmiş ölkələrin təcrübəsi əsasında yeni layihənin hazırlanaraq təqdim edilməsi nəzərdə tutulur. Həmçinin müalicə prosesinin davamı olaraq reabilitasiya çox vacib mərhələdir və həmin şəxslərin yenidən cəmiyyətə inteqrasiya olunması baxımından böyük əhəmiyyət daşıyır. Bu sahədə də irəliləyişlərin əldə edilməsi üçün çalışırıq”,- deyə nazir müavini əlavə edib.