AZ

Sinir ağrılarının əsas səbəbləri nələrdir?- AÇIQLAMA

Bəzən səbəbi aydın olmayan, yanma, sancma və ya elektrik vurması kimi hiss edilən ağrılarla qarşılaşırıq. Bu tip ağrılar adi əzələ və oynaq ağrılarından fərqlənir və çox vaxt insanların gündəlik həyat keyfiyyətini ciddi şəkildə aşağı salır. Tibbdə bu cür ağrılar sinir ağrıları və ya neyropatik ağrılar adlanır. Sinir liflərinin zədələnməsi və ya funksiyasının pozulması nəticəsində yaranan bu ağrılar keyimə, iynələnmə, hissiyatın azalması və ya həddindən artıq həssaslıq kimi əlamətlərlə müşayiət oluna bilər.

Bu barədə nevroloq Qalib Əsədov Missiya.Az-a danışıb.

"Sinir ağrılarının yaranma səbəbləri kifayət qədər müxtəlifdir. Ən geniş yayılmış səbəblərdən biri şəkərli diabetdir və bu halda diabetik polineyropatiya inkişaf edir. Sinirlərin sıxılması da tez-tez rast gəlinən səbəblər sırasındadır; boyun və bel yırtıqları, eləcə də karpal tunel sindromu bu qrupa daxildir. Onurğa sütununda yaranan osteoxondroz, fəqərələrin sürüşməsi və ya kanalın daralması da sinir ağrılarına səbəb ola bilər. Bundan əlavə, yol-nəqliyyat qəzaları, travmalar və ya cərrahi əməliyyatlardan sonra sinirlərin zədələnməsi ağrılı neyropatik vəziyyətlər yarada bilər. Zona xəstəliyi (herpes zoster), Lyme infeksiyası kimi bəzi infeksiyalar, xüsusilə B1, B6 və B12 vitaminlərinin çatışmazlığı, eləcə də alkoqol istifadəsi və bəzi kimyaterapiya preparatları da sinir ağrılarının formalaşmasında mühüm rol oynayır",-nevroloq qeyd edib.

Qalib Əsədovun sözlərinə görə, sinir ağrıları vaxtında müalicə olunmadıqda ciddi fəsadlara yol aça bilər. Uzunmüddətli və daimi ağrı ilə xarakterizə olunan xroniki ağrı sindromu inkişaf edə bilər ki, bu da müalicəyə çətin tabe olur. Hissiyatın pozulması nəticəsində insan yanıq və kəsikləri hiss etməyə bilər, bu isə əlavə risklər yaradır. Zamanla əzələ zəifliyi, hərəkət məhdudiyyəti, yerimə və müvazinət pozğunluğu, hətta iflic halları meydana çıxa bilər. Xüsusilə diabetli xəstələrdə ayaq yaralarının yaranması və amputasiya riski artır. Bəzi hallarda isə sinir sistemi zədələndikcə daxili orqanların funksiyaları pozulur, sidik saxlaya bilməmə, erektil disfunksiya və digər vegetativ problemlər ortaya çıxa bilər.

Əgər ağrılar gecə saatlarında güclənirsə, keyimə və əzələ gücsüzlüyü əlavə olunursa, ağrı qəfil başlayıb sürətlə artırsa və ya sidik-nəcis problemləri yaranırsa, bu hallarda dərhal və mütləq həkimə müraciət etmək vacibdir. Erkən diaqnoz və düzgün müalicə ağır fəsadların qarşısını almaqda əsas rol oynayır.

"Sinir ağrılarının müalicəsində dərman terapiyası ilə yanaşı, fizioterapevtik prosedurlar da mühüm yer tutur. Gəzinti, masaj, müxtəlif müalicəvi vannalar, Naftalan prosedurları, parafin applikasiyaları və digər fizioterapiya üsulları sinir ağrılarının azalmasına, qan dövranının yaxşılaşmasına və sinir funksiyalarının bərpasına müsbət təsir göstərir. Kompleks və ardıcıl müalicə yanaşması bu ağrılarla mübarizədə ən effektiv yoldur",-Q.Əsədov əlavə edib.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
106
missiya.az

1Mənbələr