AZ

İdarə rəisi: Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri daha da intensiv xarakter alıb

Bakı, 29 dekabr, AZƏRTAC

Azərbaycanda narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilib. Bu mübarizə üzrə ölkəmizin dövlət siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub.

AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakıda yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində keçirilən dəyirmi masada Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov deyib.

O qeyd edib ki, məhz Ulu Öndərimizin imzaladığı "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında" 1996-cı il 26 avqust tarixli Fərman Azərbaycanda bu sosial bəlaya qarşı mübarizənin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına rəvac verib. Ümummilli Liderin əsasını qoyduğu bu siyasət dövlətimizin başçısı İlham Əliyev tərəfindən dövrün tələblərinə uyğun yeni müstəvidə müvəffəqiyyətlə davam etdirilir. Məqsədyönlü, konkret hədəflərə istiqamətlənən fəaliyyət nəticəsində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri son illərdə daha da intensiv xarakter alıb.

“Təbii ki, narkotik vasitələr, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizədən danışarkən həmin maddələrin sərhəddən ölkəyə keçirilməsinin qarşısının alınması xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətdə Dövlət Gömrük Komitəsi tərəfindən dövlət sərhədindən buraxılış məntəqələrində sistemli və məqsədyönlü iş aparılır. Bu işin nəticəsində yalnız son iki ay ərzində Biləsuvar Gömrük İdarəsinin əməkdaşları tərəfindən İrandan Rusiyaya kartof yükü aparan nəqliyyat vasitəsində 295 ədəd bağlamada ümumi çəkisi 92 kiloqramdan artıq olan narkotik vasitə - marixuana aşkar edilib. Həmçinin Astara dəmir yolu gömrük postunda İrandan Estoniyaya kafel yapışdırıcısı yükü aparan vaqonda ümumi çəkisi 457 kiloqram 800 qram olan və qara bazarda dəyəri 90 milyon Amerika Birləşmiş Ştatları dollarından artıq olan narkotik vasitə - heroin aşkar edilib. Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin birgə axtarış-əməliyyat tədbirləri nəticəsində Horadiz sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 25 kiloqrama yaxın narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb”, - deyə C.Məmmədov bildirib.

Seçilən
135
3
azertag.az

4Mənbələr