Bakı, 29 dekabr, AZƏRTAC
Narkotik maddələrin qanunsuz dövriyyəsi və istifadəsi bu gün təkcə hüquq-mühafizə məsələsi deyil, eyni zamanda, ciddi sosial, tibbi və mənəvi problemlər yaradan qlobal təhlükədir. Bu problem, xüsusilə, gənclərin sağlamlığına, ailə institutuna və cəmiyyətin gələcəyinə ciddi zərbə vurur.
AZƏRTAC xəbər verir ki, bu fikri Ümumdünya Gömrük Təşkilatının Bakıda yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində keçirilən dəyirmi masada Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova səsləndirib.
O qeyd edib ki, ailələr bu mübarizədə mühüm rol oynayır. Sağlam ailə mühiti, valideyn nəzarəti və düzgün tərbiyə gənclərin zərərli vərdişlərdən uzaq qalmasında həlledici amillərdəndir. Eyni zamanda, vətəndaş cəmiyyəti institutlarının, qeyri-hökumət təşkilatlarının və media qurumlarının bu istiqamətdə apardığı maarifləndirmə fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Komitə sədrinin sözlərinə görə, dövlət qurumları ilə cəmiyyətin bütün təbəqələrinin birgə və koordinasiyalı fəaliyyəti nəticəsində narkotiklərlə mübarizədə daha effektiv nəticələr əldə oluna və cəmiyyətimizin sağlam gələcəyi təmin edilə bilər.