“Prezidentin çıxışı idmanın ölkənin strateji inkişafında mühüm rol oynadığını bir daha göstərdi”
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Millət vəkili Fazil Mustafa Prezidentin “İdman ili”nin yekunlarına dair çıxışını şərh edib
– Fazil bəy, Prezidentin “İdman ili”nin yekunları ilə bağlı çıxışını necə dəyərləndirirsiniz?
–Cənab Prezidentin “İdman ili”nin yekunlarına həsr olunmuş çıxışı olduqca əhatəli və strateji xarakter daşıyırdı. Bu çıxış bir daha göstərdi ki, idman Azərbaycanda yalnız fiziki tərbiyə və yarış nəticələri ilə məhdudlaşmır, eyni zamanda gənclərin sağlam yetişməsi, vətənpərvərlik ruhunun gücləndirilməsi və ölkənin beynəlxalq imicinin möhkəmləndirilməsi baxımından mühüm dövlət siyasətidir.
– Sizcə, “İdman ili” çərçivəsində hansı əsas nailiyyətlər əldə olundu?
– İl ərzində idman infrastrukturunun genişləndirilməsi, regionlarda yeni idman komplekslərinin istifadəyə verilməsi, kütləvi idmanın təşviqi və peşəkar idmançıların beynəlxalq arenalarda qazandığı uğurlar xüsusi qeyd olunmalıdır. Azərbaycan idmançılarının dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə qazandığı medallar ölkəmizin idman gücünü bir daha nümayiş etdirdi.
– Prezident çıxışında gənclər və kütləvi idman məsələlərinə də toxundu. Bu istiqamətdə hansı addımlar vacibdir?
– Tamamilə doğrudur. Prezidentin də vurğuladığı kimi, əsas hədəflərdən biri gənclərin idmana daha geniş şəkildə cəlb olunmasıdır. Məktəblərdə və ali təhsil müəssisələrində idmanın təşviqi, uşaq-gənclər idman məktəblərinin maddi-texniki bazasının gücləndirilməsi, bölgələrdə istedadlı idmançıların üzə çıxarılması prioritet olmalıdır. Milli Məclis də qanunvericilik səviyyəsində bu prosesə dəstək verməyə davam edəcək.
– İdmanın Azərbaycanın beynəlxalq nüfuzuna təsirini necə qiymətləndirirsiniz?
– İdman artıq Azərbaycanın beynəlxalq arenada tanıdılmasının ən effektiv vasitələrindən biridir. Ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq idman tədbirləri, eləcə də idmançılarımızın qələbələri Azərbaycanın güclü, müasir və dinamik dövlət olduğunu dünyaya göstərir. Prezidentin çıxışı bu reallığı bir daha təsdiqlədi.
– Sonda nə demək istərdiniz?
– Əminəm ki, “İdman ili”ndə əldə olunan nəticələr gələcək illər üçün möhkəmtəməl rolunu oynayacaq. Prezident İlham Əliyevin idmana göstərdiyi xüsusi diqqət və qayğı bundan sonra da bu sahənin davamlı inkişafını təmin edəcək. Milli Məclis olaraq biz də bu siyasəti dəstəkləyir və idmanın ölkəmizdə daha da inkişafı üçün üzərimizə düşən vəzifələri yerinə yetirəcəyik.