İranın daxili işlər naziri İskəndər Mumini ölkədə əhalinin sürətlə azalması ilə bağlı ciddi xəbərdarlıq edib. Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, mövcud demoqrafik vəziyyət dəyişməzsə, İran əhalisi 75 il ərzində 40 milyon nəfərdən aşağı düşə bilər. İranın rəsmi IRNA xəbər agentliyinin məlumatına əsasən, Mumini əhalinin azalmasının gələcək illərdə ölkə üçün ən böyük problemlərdən birinə çevriləcəyini bildirib. Nazir qeyd edib ki, bu tendensiya davam edərsə, İran ciddi sosial-iqtisadi çətinliklərlə üzləşə bilər.Nazir çıxışında iqtisadi amillərin uşaq sahibi olmaq qərarına böyük təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, məsələ təkcə iqtisadi çətinliklərlə məhdudlaşmır, mədəni faktorlar və həyat tərzi də doğum səviyyəsinin azalmasında mühüm rol oynayır. Mumini qeyd edib ki, bəzi ailələrdə az uşaq sahibi olmaq artıq həyat tərzinə çevrilib.İskəndər Mumini vurğulayıb ki, effektiv demoqrafik siyasət yalnız iqtisadi deyil, eyni zamanda mədəni və sosial amilləri də əhatə etməlidir.