Olke.az saytından alınan məlumata görə, ain.az bildirir.
2008-ci ildə Fransanın paytaxtı Parisdə keçirilən bir tədbir zamanı amerikalı sahibkar Travis Kalanick gecə saatlarında taksi tapa bilməyin nə qədər çətin olduğunu müşahidə etdi. Həmin an yaşanan bu şəxsi təcrübə sonradan qlobal texnoloji platformaya çevriləcək biznes ideyasının formalaşmasına təkan verdi. Mövcud taksi sisteminin qeyri-effektivliyi və əlçatanlığın məhdudluğu Kalanicki və ətrafındakı şəxsləri avtomobil sifarişinin mobil tətbiq vasitəsilə daha sürətli və şəffaf formada həyata keçirilə biləcəyi barədə düşünməyə vadar etdi.
Ölkə.az Valyuta.az-a istinadən xəbər verir ki, bu yanaşma sonradan “Uber” adı altında tanınan xidmətin əsasını təşkil etdi və şəhərdaxili nəqliyyat bazarına yeni model gətirdi.
İdeya 2009-cu ildə San Fransiskoda "UberCab" adı ilə praktiki mərhələyə keçdi. İlkin mərhələdə layihə əsasən texnoloji həll üzərində qurulmuşdu və böyük kapital tələb etmirdi. Lakin xidmətin qısa müddətdə istifadəçilər tərəfindən qəbul edilməsi investorların diqqətini cəlb etdi. 2011-ci ildə şirkət ilk iri investisiya raundunda təxminən 11 milyon dollar vəsait topladı və bu mərhələdə dəyəri 50 milyon dollara yaxın qiymətləndirildi. Elə həmin ilin sonlarında əlavə olaraq 32 milyon dollar investisiya cəlb olundu. 2013-cü ildə isə "Google Ventures" tərəfindən qoyulan 250 milyon dollarlıq sərmayə şirkətin bazar dəyərini təxminən 3,5 milyard dollara yüksəltdi. Bu maliyyələşmə "Uber"in qısa müddətdə ABŞ-dan kənara çıxmasına və qlobal miqyasda fəaliyyət göstərən platformaya çevrilməsinə imkan yaratdı.
Şirkətin sürətli böyüməsi Kalanickin şəxsi maliyyə vəziyyətinə də birbaşa təsir göstərdi. O," Uber"in ilk illərində böyük səhm payına sahib idi və 2019-cu ildə şirkətin birjada ticarətə çıxışı zamanı bu payların əhəmiyyətli hissəsini sataraq 2,5 milyard dollardan çox gəlir əldə etdi. Beynəlxalq maliyyə mənbələrinin qiymətləndirmələrinə əsasən, Kalanickin hazırkı xalis sərvəti bazar şərtlərindən asılı olaraq dəyişsə də, 3,6 milyard dollar ətrafında qiymətləndirilir. Bəzi mənbələrdə bu göstərici 4 milyard dollara yaxın səviyyədə göstərilir.
Paris küçələrində yaşanan adi bir nəqliyyat problemi nəticə etibarilə qlobal miqyaslı biznesin formalaşmasına səbəb oldu. "Uber" nümunəsi göstərir ki, gündəlik həyatda qarşılaşılan sadə çətinliklər düzgün ideya, vaxtında cəlb olunan investisiyalar və texnoloji yanaşma ilə beynəlxalq bazarda təsir gücünə malik şirkətlərə çevrilə bilər.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.