Gah çox zəif gəlir, gah da tamamilə kəsilir…
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət bu soyuq havada aşağı təzyiqlə verilən təbii qazdan gedir. Bakının Binə qəsəbəsi Südçülük savxozu kimi tanınan ərazinin sakinləri deyirlər ki, 1 aydan artıqdır belə vəziyyət hökm sürür.
Sakinlər bildirirlər ki, ilk dəfədir qışda bu cür çətinlik çəkirlər. Bu ilə qədər əraziyə qazın verilməsində heç bir problem olmayıb. Hazırda isə əksinə.
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinə müraciət etdik. Qurumdan “Xəzər Xəbər”ə bildirildi ki, qazın verilişində, təzyiqində ümumilikdə ciddi problem yaşanmır. Lokal olaraq belə problemlər ola bilir, o da ünvanlanan müraciətlərin əsasında, eyni zamanda əməkdaşların ərazi üzrə müşahidəsinin nəticəsi olaraq aradan qaldırılır.
Vətəndaşlara, abonentlərə davamlı və təhlükəsiz qazın verilişi həll olunur. Bu məsələ də qısa vaxtda öz həllini tapacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.