ain.az bildirir, Axar.az saytına əsaslanaraq.
Rusiya xarici işlər naziri Sergey Lavrov ilin son müsahibəsində də hədələyici tonundan imtina etməyib. O, Avropanın Rusiyaya hücum edəcəyi halda köhnə qitənin dəhşətli zərbələrlə üzləşəcəyini bildirib.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, Lavrov lideri Vladimir Putin kimi Avropanı qorxutmağa çalışır:
“Rusiya rəsmiləri bir ara Avropanı nüvə müharibəsiylə hədələyirdilər, bu hədələrin işə yaramadığını anladıqdan sonra başqa təhdidlərə keçiblər. Bəllidir ki, AB-nin Ukrayna ilə birgə Rusiyaya qarşı müharibəyə qoşulması kimi planı yoxdur. AB və NATO sadəcə Ukraynanı ayaqda saxlamağa çalışır. Bu məqsədlə Ukraynaya maliyyə və hərbi texnika göndərilir. Buna rəğmən, heç bir dövlət Ukraynaya ordu birlikləri göndərməyi planlaşdırmır. Bunu Kreml də bilir, sadəcə Rusiya rəsmiləri qabaqdangəlmişlik edərək Avropa ölkələrini Ukraynaya dəstəyi artırmaqdan çəkindirməyə çalışırlar. Ancaq bu alınmır. Rusiyanın Ukraynaya qarşı 4 ilini tamamlayacaq müharibə Avropa təhlükəsizliyinə əsas təhdiddir və Rusiyanın işğalçı planlarından qorunmağın yolu Ukraynaya dəstəyin artırılmasından keçir”.
Ekspert vurğulayıb ki, Kreml ABŞ Prezidenti Donald Trampın siyasətindən məmnundur:
“Rusiya Prezidenti Vladimir Putin Ağ Evin müharibənin dayandırılmasıyla bağlı irəli sürdüyü 28 bəndlik planı müzakirə etməyə hazır idi. Ancaq Kiyev və Brüssel həmin plana zəruri düzəliş və dəyişikliklər etdilər. Kreml yeni planı rədd etdi. Lavrov müsahibəsində guya Avropanın müharibənin dayandırılmasına əngəl olduğunu bildirib. Yəni bu məntiqə görə, Kiyev və Brüssel Ağ Evin irəli sürdüyü plana dəyişikliklər etməsəydilər, Moskva müharibəni dayandırmağa hazır idi”.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.