Son günlər ölkənin bir sıra bölgələrində, xüsusilə də dağlıq və dağətəyi ərazilərdə müşahidə olunan qarlı və şaxtalı hava şəraiti yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsini zəruri edib. Müvafiq dövlət qurumları yaranan vəziyyətə operativ şəkildə reaksiya verir, yol infrastrukturu üzrə məsul qurumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər.
Bu çərçivədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) nəzdində fəaliyyət göstərən 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin əməkdaşları və xüsusi texnikası qarlı və buzlu yollarda fasiləsiz xidmət aparır. Əsas məqsəd hərəkətin təhlükəsizliyini təmin etmək, sürücülər və sərnişinlər üçün riskləri minimuma endirməkdir.
MMC-nin sahə rəisi Şahin Rəcəbovun verdiyi məlumata görə, Şamaxı rayonunun Çuxuryurd, Nağaraxana və Dəmirçi istiqamətlərində yollar buzdan təmizlənir, yol örtüyünə mütəmadi olaraq qum-duz qarışığı səpilir. Görülən tədbirlər nəticəsində sürüşmə təhlükəsi aradan qaldırılır, yollar nəqliyyat vasitələrinin hərəkəti üçün yararlı vəziyyətə gətirilir.
Qeyd edək ki, həyata keçirilən bütün işlər 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin sədri Nazim Eynallının birbaşa nəzarəti altında aparılır. Mövcud vəziyyət daim monitorinq edilir, ehtiyac yaranan ərazilərə əlavə texnika və canlı qüvvə cəlb olunur. Bu isə qarlı hava şəraitinin yol təsərrüfatına mümkün mənfi təsirlərinin vaxtında qarşısının alınmasına imkan verir.
Eyni zamanda, AAYDA rəhbəri Saleh müəllimin bütün çıxışlarında xüsusi vurğuladığı vətəndaş məmnuniyyəti prinsipi yol istismarı sahəsində əsas fəaliyyət xətti kimi qəbul olunub. Qarlı və çətin hava şəraitində belə bu tapşırığın icrasına ciddi şəkildə əməl edilir, sürücülərin təhlükəsizliyi və rahatlığı prioritet hesab olunur.
AAYDA-nın və onun struktur qurumlarının çevik və koordinasiyalı fəaliyyəti bir daha göstərir ki, yol infrastrukturu sahəsində görülən işlər yalnız texniki tədbirlərlə məhdudlaşmır, eyni zamanda vətəndaşların gündəlik həyatına birbaşa təsir edən mühüm sosial məsuliyyət daşıyır. Qarlı hava şəraitinə baxmayaraq, əsas yol xətlərində hərəkətin fasiləsiz və təhlükəsiz təmin edilməsi də məhz bu yanaşmanın nəticəsidir.