AZ

Rusiya, Azərbaycan və Ermənistan münasibətlərində iqtisadiyyaytın rolu | AÇIQLAMA

Cənubi Qafqazda geosiyasi gərginliklərə və diplomatik ziddiyyətlərə baxmayaraq, iqtisadi əməkdaşlıq region ölkələri arasında əsas birləşdirici amil olaraq qalır. Bu fikri iqtisadçı Mixail Belyayev jurnalistlərə açıqlamasında bildirib.

Ekspertin sözlərinə görə, Rusiya ilə Cənubi Qafqaz ölkələri arasında münasibətlərdə bu il də əsas dayaq nöqtəsi məhz iqtisadiyyat olub və coğrafiya özü-özlüyündə qonşu dövlətlərin iqtisadi əməkdaşlığını zəruri edir. Ticarət dövriyyəsi, strateji nəqliyyat-logistika layihələri, eləcə də çoxtərəfli əməkdaşlıq formatları iqtisadi əlaqələrin davamlılığını təmin edir. Ermənistanın Rusiyaya ölkə ərazisində dəmir yollarının bərpası ilə bağlı müraciəti, Rusiya yüklərinin Azərbaycan üzərindən Ermənistana daşınması bu reallığın bariz nümunələridir.

Ekspert Ermənistanın hazırkı hakimiyyətinin xarici siyasətdə diversifikasiya görüntüsü yaratmağa çalışdığını, lakin ölkənin iqtisadi baxımdan Rusiyadan və Avrasiya İqtisadi İttifaqı ilə inteqrasiyadan ciddi şəkildə asılı olduğunu qeyd edib. Onun fikrincə, Ermənistan eyni vaxtda həm Avropa İttifaqına (Aİ) inteqrasiya xəttini seçmək, həm də mövcud iqtisadi bağlılıqları qorumaq cəhdləri ilə faktiki olaraq resurslarını bölür və bu, kiçik iqtisadiyyat üçün ciddi risklər yaradır.

“İqtisadiyyat coğrafiyaya bağlıdır. Moskva ilə İrəvan arasında siyasi baxımdan qarşılıqlı anlaşma zəifləsə də, iqtisadi əlaqələr hələ də tərəfləri birləşdirir”, – deyə Belyayev bildirib. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi bir tərəfdən ABŞ-ni Zəngəzur dəhlizi layihələrinə cəlb etməyə çalışır, digər tərəfdən isə Rusiyaya dəmir yollarının bərpası üçün müraciət edir.

İqtisadçı xəbərdarlıq edib ki, Ermənistanın Aİ ilə yaxınlaşması Rusiya ilə ticarət dövriyyəsinin azalmasına səbəb olur və bu tendensiya davam edərsə, ölkə iqtisadi baxımdan itkilərlə üzləşə bilər.

Azərbaycanla bağlı məsələyə toxunan Belyayev bildirib ki, Rusiya–Azərbaycan münasibətlərində bu il də iqtisadi sahədə müsbət dinamika müşahidə olunub. Xüsusilə “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Rusiya, Azərbaycan və İran arasında bir sıra çoxtərəfli sənədlər imzalanıb, mühüm iqtisadi görüşlər keçirilib. Bundan əlavə, Rusiya regionları ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq intensivləşib ki, bu da ümumi iqtisadi münasibətlərin inkişafına töhfə verir.

Ekspertin fikrincə, Cənubi Qafqazda iqtisadi əsas artıq formalaşıb və ondan yayınmaq mümkün deyil. Diplomatiyada çətinliklər yarandığı hallarda iqtisadi maraqlar tərəfləri yenidən bir araya gətirir. Hazırda Rusiya, Azərbaycan və Ermənistan arasında dəmir yolu ilə yükdaşımalar davam edir.

Belyayev ABŞ-nin regiondakı perspektivlərinə də skeptik yanaşıb. O bildirib ki, ABŞ Prezidenti Donald Tramp praqmatik biznes yanaşması ilə yalnız real iqtisadi və siyasi fayda gətirən layihələrdə maraqlıdır və perspektiv görmədiyi təşəbbüslərdən asanlıqla imtina edir.

Nəticə etibarilə ekspert vurğulayıb ki, Rusiya, Cənubi Qafqaz ölkələri və Qlobal Cənub dövlətləri ortaq ticarət-iqtisadi və logistika maraqlarına malikdirlər. Bu istiqamətdə əməkdaşlığın davam etdirilməsi həm iqtisadi, həm də siyasi baxımdan daha effektiv və dayanıqlı nəticələr verə bilər.

S.Həsənova
AzVision.az



Seçilən
17
1
azvision.az

2Mənbələr