Urmiya gölünün davamlı quruması və duz konsentrasiyasının duz fırtınalarının yaranmasına səbəb ola, bunun nəticələri İranla məhdudlaşmaya və Türkiyə, İraq, Gürcüstan və Azərbaycan kimi ölkələrə də təsir edə bilər.
"Far.Az" İran mediasına istinadən xəbər verir ki, bunu Təbriz Universitetinin Su təsərrüfatı fakültəsinin müəllimi Əhməd Fəxrifərd bildirib.
Urmiya gölündəki böhranın miqyasından danışan Təbriz Universitetinin professoru xəbərdarlıq edib ki, bu problem artıq sadəcə yerli və ya milli ekoloji çətinlik olmaqdan çıxıb və ictimai, hətta beynəlxalq problemə çevrilib.
Onun fikrincə, Urmiya gölünə təxminən 3,5 milyard kubmetr su daxil edilsə də, tam bərpası ən azı 14 il çəkəcək. Ümumiyyətlə, çoxillik zərərdən sonra kövrək ekosistemin bərpası səbir, elmi siyasətin davamlılığı və icra orqanları ilə elmi-tədqiqat qurumları arasında konsensus tələb edir.
"Aparılan tədqiqatlara əsasən, gölün minimal ekoloji dayanıqlılığını qorumaq üçün ən azı 2,3 milyard kubmetr su ilə təmin edilməsi lazımdır", - Ə. Fəxrifərd qeyd edib.