Son illərdə şüşə pipet (çöp) istifadəsi artıb, lakin bu məhsullar ciddi təhlükə daşıyır.
“Yeni Sabah” xəbər verir ki, Gülhane Təhsil və Araşdırma Xəstəxanasının üzvü, dosent doktor Onur Tezel xəbərdarlıq edərək bildirib ki, şüşə pipet və digər şüşə məhsulların səhv istifadə və ya qəza nəticəsində qırıla bilməsi ağız və həzm sistemində ciddi yaralanmalara səbəb ola bilər. O, qırıqların həmişə gözlə görünməyə biləcəyini, bəzən isə yalnız mikroçatlaqların meydana gələ biləcəyini qeyd edib.
Qırılma riski şüşə materialın istehsalında istifadə olunan maddələrdən asılı olaraq dəyişir. Tezel xüsusilə uşaqlarda plastik çöp çeynəmə vərdişinin olduğunu və bu hərəkət zamanı şüşə çöpün qırıla biləcəyini qeyd edib. Həmçinin, şüşənin təbiəti səbəbindən ani isti-soyuq dəyişiklikləri, məsələn, qabyuyan maşından çıxarıb dərhal soyuq suya qoyduqda çartlama riskinin yüksək olduğunu vurğulayıb.

Qırıq şüşə parçaları ülgüc kimi kəsici ola bildiyi üçün yumşaq toxumalara zərər verə bilər. Ən pis ssenari isə qırılan şüşə parçasının udulmasıdır. Bu halda şüşə əvvəl qida borusuna, sonra mədəyə və bağırsaqlara qədər irəliləyə bilər.
Yemək borusundakı damar strukturları bu bölgədə qida təminatı üçün vacibdir və şüşə parçasının buraya ilişməsi ciddi qanamalara səbəb ola bilər. İlk mərhələdə qanama mədəyə doğru hərəkət edə bildiyi üçün insan bunu dərhal fərq etməyə bilər. Bəzən xəstələr qan itirməyə bağlı şok vəziyyəti və ya qan qusmayla tibbi yardıma müraciət edirlər.
Həkim belə hallarda şəxsin dərhal təcili yardım xidmətinə çatdırılmasının vacib olduğunu vurğulayıb və bildirib ki, şüşəni öz əli ilə çıxarmağa və ya qusmağa çalışmaq toxumalara daha çox zərər verə bilər.
Ümumiyyətlə, pipet istifadəsi məsləhət görülmür, ən təhlükəsiz yol mayeni birbaşa içməkdir.
Əsmətxanım Rzazadə
Telegram kanalımız