AZ

Ölkədən qaçan Ramin Axundovun şirkəti nizamnamə kapitalını yarıya endirdi

Azərbaycanda gəmiçilik şirkəti - "SƏMAYƏ CO LTD" MMC nizamnamə kapitalını azaltdığını elan edib.

"Yeni Sabah" "Teleqraf"a istinadən xəbər verir ki, şirkətin 644 700 manatlıq nizamnamə kapitalı 50% azaldılaraq 322 350 manata endirilib.

Qeyd edək ki, şirkət 2004-cü ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Vasif Böyükağa oğlu Zərbəliyevdir.

Yeri gəlmişkən bildirək ki, "SƏMAYƏ CO LTD" MMC-nin hazırda dövlətə 124 952.22 manat vergi borcu da var.

Şirkətin əsas fəaliyyəti gəmiçilik, yüklərin daşınması və logistika xidmətlərindən ibarətdir. Hazırda şirkətin balansında 3000, 2000 tonluq neft tankerləri, 2500 tonluq quru yükdaşıyan gəmilər və digər təyinatlı gəmilər mövcuddur. Yüklərin daşınması üçün cari sifariş olmadığından gəmilər icarəyə verilir, gəlir əsasən icarə haqlarından və təsisçinin dəstəklərindən formalaşır.

Xatırladaq ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı davam etdirilən digər cinayət işi üzrə qaçaqmalçılıq və digər cinayətlərin törədilməsində iştirak etmiş "RR Caspi", "Səmayə Co", "Səmayə Logistic" və başqa Məhdud Məsuliyyətli Cəmiyyətlərin, eləcə də Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.

"Səmayə Co", "Səmayə Logistic" və "RR Caspi" rəhbəri Ramin Axundov Premyer Liqada çıxış edən "Araz-Naxçıvan"ın prezidentidir.

R.Axundov istintaqdan yayınmaq məqsədilə ölkə ərazisini tərk edib. Onun barəsində qiyabi həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarış elan olunub.

Ramin Axundov eyni zamanda Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun qardaşıdır.

Qeyd edək ki, Ramin Axundov 1976-cı il oktyabrın 15-də Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhər 9 nömrəli orta məktəbi bitirdikdən sonra Təfəkkür Universitetinə qəbul olub, Hüquq fakültəsində ali təhsil alıb.


Telegram kanalımız
Seçilən
24
7
yenisabah.az

10Mənbələr