AZ

Bayram gəlir, qiymətlər “uçur” Otellərdə bahalaşmanı kim dayandırmalıdır?

Azərbaycanda hər il eyni mənzərə təkrarlanır: bayram günləri yaxınlaşan kimi otellərin qiymətləri adi günlərlə müqayisədə 2, bəzən hətta 3 dəfə artır.

Yeni İl, Novruz, uzun qeyri-iş günləri – fərqi yoxdur. Nəticədə daxili turizm canlanmalı olduğu halda, bir çox vətəndaş istirahətdən imtina edir və ya alternativ ölkələrə üz tutur.

Ən çox verilən sual isə budur: bu qədər süni qiymət artımına niyə nəzarət edilmir və bunu kim tənzimləməlidir?

Mövzu ilə bağlı iqtisadçı Fuad Babayev bildirib ki, problemin kökündə bazar mexanizmi ilə sui-istifadə dayanır:

“Rəsmi arqument budur ki, tələb artır, qiymət də artır. Bu, qismən doğrudur. Amma problem ondadır ki, Azərbaycanda bayram günlərində qiymət artımı təkcə tələbə uyğun olmur, süni şəkildə şişirdilir. Normalda 100 manata olan otaq 250–300 manata qalxırsa, bu artıq bazar yox, fürsətçilikdir.”

İqtisadçının sözlərinə görə, otellər faktiki olaraq mövsümi inhisar yaradırlar:

“Xüsusilə regionlarda alternativ azdır. Bir rayonda 2–3 otel varsa, hamısı eyni anda qiyməti qaldırır. Bu, açıq-aşkar razılaşmalı qiymət davranışıdır. Amma nə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, nə də digər qurumlar buna real müdaxilə edir. Deyilə bilər ki, bayram günlərində qiymət artımı maksimum 20–30 faiz ola bilər. Avropa ölkələrində belə təcrübələr var. Bizdə isə tam nəzarətsizlik hökm sürür”.

Turizm üzrə ekspert Xəlil Səmədzadə isə saytımıza bildirib ki, bu bahalaşma uzunmüddətli perspektivdə ölkə turizminə zərbə vurur:

“Otellər qısa müddətli qazanc naminə daxili turisti itirirlər. İnsanlar hesablayır ki, Azərbaycanda 2 gecə qalacağıma, eyni pula Gürcüstana və ya Türkiyəyə gedim. Bu isə ölkədən valyuta axını deməkdir. Xidmət səviyyəsi dəyişmir, səhər yeməyi eyni qalır, otaq eyni otaqdır. Sadəcə təqvimdə bayram yazılıb deyə qiymət qalxır. Bu, turizmin normal inkişafına ziddir. Turizm müəssisələri faktiki olaraq ‘istədiyim qiyməti qoyaram’ prinsipi ilə işləyir. Dövlət Turizm Agentliyi isə daha çox tanıtımla məşğuldur, qiymət siyasəti ilə yox.”

Ekspert vurğulayıb ki, normal ölkələrdə mövsümi qiymət artımı olur, amma bu, əsaslandırılmış və nəzarətli şəkildə həyata keçirilir:

“Bizdə isə bayram günləri bəhanədir. Süni qiymət artımı nə daxili turisti qoruyur, nə də ölkənin turizm imicinə xidmət edir.”

Seçilən
7
1
news365.az

2Mənbələr