ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş öncəsi həm Kiyevə, həm də Kremlə ünvanladığı mesajlar Vaşinqtonun yeni mərhələyə keçdiyini göstərir. Trampın “Politico”ya müsahibəsində Rusiya iqtisadiyyatının “çox pis vəziyyətdə” olduğunu xüsusi vurğulaması təsadüfi açıqlama deyil, bunu Kremlə tciddi siqnaldır.
Bu mesaj faktiki olaraq iki istiqamətli təzyiq diplomatiyası kimi dəyrləndirmək lazımdır. Bir tərəfdən Kiyevə mesaj verilir ki, Vaşinqton sülh prosesində diplomatik pəncərəni açıq saxlayır. Digər tərəfdən isə Kremlə açıq şəkildə bildirilir ki, mövcud kurs davam edərsə, Rusiyanı daha ağır iqtisadi və siyasi nəticələr gözləyir.
İqtisadi zəiflik-Kremlin “Axilles dabanı”
Trampın vurğuladığı əsas məqam Rusiyanın iqtisadi durumudur. Qərb sanksiyaları, enerji bazarlarında itirilən mövqelər, texnologiya və maliyyə məhdudiyyətləri Moskvanın uzunmüddətli manevr imkanlarını xeyli daraldıb. Kreml sülhə razılıq verməycəyi təqdirdə vəziyyət daha da kəskinləşəcək. ABŞ lideri bu reallığı ictimailəşdirərək Kremlə mesaj verir ki, müharibənin uzadılması artıq iqtisadi baxımdan dözülməz mərhələyə qədəm qoyur.
Bu, klassik hərbi təzyiqdən fərqli olaraq, “iqtisadi məcburetmə diplomatiyası”dır. Məqsəd Rusiyanı birbaşa təhdidlə deyil, mövcud iqtisadi zəifliklərini xatırladaraq danışıqlar masasına gətirməkdir.
Putinlə görüş mesajı: “Qapı hələ bağlanmayıb”
Trampın “Putinlə də yaxşı görüş olacaq” ifadəsi isə ayrıca diqqət çəkir. Bu cümlə Vaşinqtonun hələ də Kreml üçün diplomatik çıxış yolunu tam bağlamadığını göstərir. Yəni mesaj sərtdir, amma ultimativ deyil. ABŞ açıq şəkildə bildirir ki, seçim hələ də Moskvanın öz əlindədir: ya sülh danışıqları, ya da daha dərin iqtisadi izolyasiya.
Geosiyasi nəticə: top Kremlin meydanındadır
Nəticə etibarilə Trampın açıqlamaları Kreml üçün ciddi xəbərdarlıq xarakteri daşıyır. Bu xəbərdarlığın mahiyyəti sadədir: sülhə razılıq verilməzsə, Rusiyanı nə iqtisadi, nə də siyasi baxımdan “yaxşı günlər” gözləmir. ABŞ bu mərhələdə hərbi eskalasiyadan daha çox, Moskvanın zəif nöqtəsi olan iqtisadi dayanıqlılığına zərbə vurmağı üstün tutur.
Beləliklə, Trampın mesajı sülh çağırışı ilə təzyiqin sintezidir və hazırkı mərhələdə Ukrayna böhranında yeni diplomatik oyunun qaydalarını müəyyənləşdirir. İndi əsas sual ondan ibarətdir ki, Kreml bu mesajı sadəcə ritorika kimi qəbul edəcək, yoxsa reallığın diktəsi ilə danışıqlar masasına qayıdacaq.
Mürtəza
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta