AZ

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

Alzheimer xəstəliyi yaddaş itkisi və beynin zədələnməsi nəticəsində psixi funksiyaların pozulmasıdır.

Bu xəstəliyə tutulan insanların yaşı artdıqca xəstəliyin onlara göstərdiyi təsir də artır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən, bu sindromdan əziyyət çəkənlərin sayı 46 milyondur. 

"Cebheinfo.az" xəbər verir ki, ÜST-in məlumatına görə, 2030-cu ildə bu sayın 75 milyona, 2050-ci ildə isə 132 milyona çatacağı təxmin edilir.

Alzheimer xəstəliyi xüsusən az inkişaf etmiş və az gəlirli ölkələrdə çox müşahidə olunur. Xəstəliyi tamamən müalicə etmək mümkün olmasa da, erkən diaqnoz qoyulduğu halda xəstəliyin inkişafını xeyli ləngitmək mümkündür.

Alzheimer xəstəliyinin müalicəsində getdikcə daha çox əhəmiyyət kəsb edən əsas yanaşma olan erkən müdaxilə, yeni tədqiqatlar nəticəsində ön plana çıxarılıb.

Alimlər bildiriblər ki, xəstəlik simptomları görünməzdən çox əvvəl başlayan bioloji prosesləri hədəf alan NU-9 adlı eksperimental dərman Alzheimer xəstəliyinin irəliləməsini ləngidə bilər.

Tədqiqat ABŞ-dəki Şimal-Qərb Universitetinin tədqiqatçıları tərəfindən Alzheimer xəstəliyinin heyvan modelləri üzərində aparılıb.

Tədqiqatda NU-9-un beyində toplanan və xəstəliklə əlaqəli zəhərli zülal strukturları olan amiloid beta oliqomerlərinin səviyyəsini əhəmiyyətli dərəcədə azaltdığı müşahidə edilib.

Amiloid beta oliqomerləri zamanla Alzheimer xəstəliyinin əlaməti olan lövhəcikləri yarada bilən zərərli zülal qrupları kimi tanınır. NU-9 ilə müalicə olunan siçanlarda beyin toxumasında bu zəhərli zülalların miqdarında əhəmiyyətli dərəcədə azalma müşahidə edilib.

Nortvestern Universitetinin nevroloqu Daniel Kranz bildirib ki, Alzheimer xəstəliyi simptomlar görünməzdən onilliklər əvvəl başlayır:

"Simptomlar görünənə qədər, əsas patoloji adətən artıq inkişaf etmiş mərhələdə olur. Bu, bir çox klinik sınaqların niyə uğursuz olduğunu izah edə bilər".

Tədqiqatçılar tapıntıların ümidverici olduğunu vurğulayılar, lakin NU-9-un insanlara təsiri hələ məlum deyil.

Onlar bildiriblər ki, Alzheimer xəstəliyi çoxsaylı bioloji mexanizmlərin qarşılıqlı təsirindən yaranır və təkcə amiloid beta yığılması bu proses üçün kifayət qədər məlumat olmaya bilər.

Hazırda NU-9 heyvan modellərində sınaqdan keçirilir və bunun xəstəliyin daha inkişaf etmiş mərhələlərini yaxşı əks etdirdiyi düşünülür.

Bu mərhələlər başa çatdıqdan sonra dərmanın insanlarda klinik sınaqlara keçə biləcəyi qiymətləndiriləcək.

Tədqiqatçılar NU-9-un gələcəkdə xolesterolu azaldan dərmanlara bənzər şəkildə yüksək riskli insanlarda potensial profilaktik seçim ola biləcəyini irəli sürürlər.

Qeyd edək ki, Azərbaycanda da Alzheimer xəstəliyindən əziyyət çəkənlərin sayı kifayət qədərdir. Təəssüf ki, hazırda bu istiqamətdə rəsmi statistika məlum deyil.

Bu da bir faktdır ki, həmin xəstəliyə illər öncə əsasən yaşlı insanlarda təsadüf edilsə də bu gün artıq Alzheimer xəstəliyi ilə doğulan uşaqların da sayı artmaqdadır.

Seçilən
92
1
cebheinfo.az

2Mənbələr