Zəfər ruhlu idman salnaməsi
Azərbaycanın müasir idman salnaməsinin hər bir səhifəsi, qazanılan hər bir parlaq qələbə və ucalan hər bir bayraq Cənab Prezident İlham Əliyevin misilsiz diqqəti, sarsılmaz iradəsi və sonsuz Vətən sevgisi ilə vəhdət təşkil edir. Dövlət başçısının idmana olan qayğısı sadəcə statistik rəqəmlərlə ölçülən bir dəstək deyil, bu, bir millətin fiziki və mənəvi dirçəlişinə, gənc nəslin polad kimi möhkəm ruhda yetişməsinə yönəlmiş böyük Lider uzaqgörənliyidir. Ən uca kürsülərdən idmançılarımıza verilən hər bir mükafat, onları daha parlaq qələbələrə ruhlandıran Lider dəstəyi, hər bir gənc atletin qəlbində Azərbaycanı dünyaya tanıtmaq eşqini bir daha da gücləndirir. Bu qayğı sayəsində bu gün Azərbaycan təkcə arenalarda deyil, həm də beynəlxalq idman siyasətinin mərkəzində öz məğrur sözünü deyir, qitələri və xalqları Bakının dostluq və güc meydanlarında birləşdirir.
2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə Dövlət Başçısı İlham Əliyevin çıxışı bu mənzərəni ən kiçik detallarına qədər canlandıran bir "Uğur Xəritəsi" idi. Cənab Prezidentin qeyd etdiyi kimi, 2025-ci il Azərbaycan idmanının intibah dövrü kimi tarixə düşdü və medalların sayı rekord həddə çatdı: "Beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 2000-dən çox medal, təqribən 600-dən çox qızıl medal qazanılıb. Bu, bir daha onu göstərir ki, idmanın inkişafı Azərbaycanda uğurla gedir."
Bu uğurlar təsadüfi deyil; dövlət xətti ilə infrastrukturun sıfırdan qurulması və bölgələrdəki Olimpiya Komplekslərinin sayının 46-ya çatması bu inkişafın təməlidir. Lakin rəqəmlərdən daha önəmli olan məqam gənclərin milli ruhda tərbiyəsidir. Dövlətimizin başçısı gənc nəslin sağlamlığının strateji əhəmiyyətini belə ifadə etdi: "Sağlam gənc nəsil, ilk növbədə, ölkənin gələcək inkişafı üçün lazımdır ki, Azərbaycan vətəndaşları fiziki cəhətdən sağlam olsunlar. Gənclərin fiziki hazırlığı, mənəvi saflığı vəhdət təşkil etməlidir." Məhz bu vəhdət sayəsində bu gün idmançılarımız arenaya çıxarkən artıq sadəcə rəqiblə yarışmırlar, onlar arxalarında duran şanlı Zəfərin məsuliyyətini daşıyırlar: "Son 5 il ərzində bizim bayrağımız qalib ölkənin bayrağı kimi beynəlxalq arenalarda qaldırılır. Şanlı Qələbə idmançıların məsuliyyətini də böyük dərəcədə artırır. Çünki onlar müzəffər xalqın nümayəndələri kimi yarışlarda iştirak edirlər."
2025-ci il həm də Azərbaycanın qlobal idman mərkəzinə çevrilməsi ili oldu. MDB ölkələrinin üçüncü Oyunlarının Gəncə mərkəz olmaqla, müxtəlif bölgələrdə, o cümlədən Xankəndi şəhərində keçirilməsi ölkəmizin potensialının vizit kartı idi: "Minlərlə xarici qonağın iştirakı ilə bölgələrdə keçirilmiş MDB Oyunları əlbəttə ki, bizim potensialımızı göstərir." Bunun ardınca Bakıda keçirilən və Amerikadan sonra dünyanın ən populyar idman hadisələrindən sayılan UFC turniri ölkəmizin yüksək imicindən xəbər verdi. Formula 1 yarışları isə yenidən Bakı küçələrini dünyanın sürət mərkəzinə çevirdi. Cənab Prezidentin vurğuladığı kimi, təkcə birinci yarışdan sonra turizmdəki 20 faizlik artım idmanın həm də iqtisadiyyat və "yumşaq güc" olduğunu sübut etdi.
Bunu xüsusi olaraq vuirğulamaq yerinə düşər ki, gələcəyə baxış daha iddialıdır. Qusarda, Şahdağ Xizək Kurortunda ilk dəfə keçiriləcək Xizək üzrə Dünya Kuboku Azərbaycanı qış idman növlərinin dünya xəritəsinə birdəfəlik həkk edəcək. Şahdağın inkişafı təkcə idman deyil, həm də bölgələrdə minlərlə yeni iş yeri və iqtisadi dirçəliş deməkdir. Eyni zamanda, azad olunmuş Qarabağda – Köndələnçayda, Suqovuşanda və gələcəkdə Sərsəng su anbarında keçiriləcək avarçəkmə yarışları "Böyük Qayıdış"ın idman salnaməsini tamamlayır. Bakı şəhərinin "Dünyanın İdman Paytaxtı" seçilməsi isə bütün bu görülən işlərə beynəlxalq miqyasda verilən ən ali qiymətdir.
Cənab Prezident İlham Əliyevin bu çıxışı bir həqiqəti təsdiq etdi: Azərbaycanda idman bir kampaniya deyil, bir həyat fəlsəfəsidir. Dövlət hər zaman idman şöhrətimizi ucaldanların yanındadır: "Azərbaycanın idman şöhrətini ucaldan insanlar əlbəttə ki, dövlət tərəfindən qiymətləndirilməlidir və onların fəaliyyətinə layiqli münasibət göstərilməlidir."
2025-ci ilin yekunları bizə bir şeyi vəd edir: Bu gün Azərbaycan idmançısı beynəlxalq meydanlara çıxarkən arxasında dövlətin bütün qüdrətini və Müzəffər Ali Baş Komandanın sönməz inamını hiss edir. Bizim üçün idman qələbəsi artıq sadə bir mükafat deyil, o, beş il öncə qazanılmış şanlı Zəfərin idman arenalarındakı əks-sədası, qalib bir xalqın yenilməzlik rəmzidir. Cənab Prezidentin hər bir qələbə sevincini idmançılarla birgə bölüşməsi, onların sevincinə bir ata, bir rəhbər hərarəti ilə şərik olması, Azərbaycan bayrağını ən uca zirvələrə daşıyan hər bir qəhrəmanı dövlətin ən ali qiyməti ilə şərəfləndirməsi bir vətənpərvərlik nümunəsidir. Bu qayğıdan güc alan gənclərimiz üçün artıq heç bir zirvə uzaq, heç bir hədəf əlçatmaz deyil; çünki onların yolunu aydınladan bir Lider zəkası və qəlblərində döyünən böyük Azərbaycan eşqi var!
Əziz Ələkbərli, Milli Məclisin deputatı, Qərbi Azərbaycan icması İdarə Heyətinin sədri