“Epilepsiya və miqren zamanı yanıb-sönən işıqlar epilepsiya xəstələrində qıcolmalara, miqreni olan xəstələrdə isə baş ağrılarına səbəb ola bilər. Yəni bu, tətikləyici, provokasiyaedici faktor kimi çıxış edir”.
Bu sözləri “Yeni Sabah”a nevroloq Rəna Abbasova bildirib.
O, Yeni ildə istifadə olunan işıqların insanlara hansı təsir göstərdiyindən danışıb:
“Hətta müayinə zamanı, rutin elektroensefaloqrafiya (EEQ) müayinəsi zamanı belə, biz yanıb-sönən işıqlardan ocaqların aşkar olunması üçün istifadə edirik. Bu zaman fotosensitiv epilepsiya növlərində ocaqlar daha aydın şəkildə görünə bilir, yəni yanıb-sönən işıqlara cavab verir”,
Həkim qeyd edib ki, bayram ərəfəsində isə xüsusilə epilepsiyası olan xəstələr bayram əhval-ruhiyyəsinə qapılaraq bəzən dərman qəbulunu unuda, yuxusuz qala və ya həddindən artıq yorucu tədbirlərdə iştirak edə bilirlər:
“Ona görə də bu dövrlərdə mütləq həyat tərzinə diqqət yetirilməlidir. Həddindən artıq yorğunluq olmamalı, alkoqol qəbulu arzuolunan deyil. Xüsusilə də yanıb-sönən işıqların olduğu mühitlərdə olmaq epilepsiyanı tətikləyə, yəni qıcolmalara səbəb ola bilər. Profilaktik olaraq dərmanların vaxtında qəbulu, yuxu rejiminə riayət edilməsi, düzgün qidalanma və həddindən artıq yorğunluqdan uzaq durmaq çox vacibdir”.
Aytac Əliyeva
Telegram kanalımız