"Vəkillik sadəcə bir peşə deyil, hüququn canlı müdafiəsi, insan ləyaqətinin təminatı və məhkəmədə tərəflər arasında bərabərliyin real mexanizmidir. Ədalətli məhkəmə araşdırması yalnız müstəqil və qərəzsiz məhkəmə ilə deyil, peşəkar, prinsipial və məsuliyyətli vəkil fəaliyyəti ilə mümkündür. Məhkəmə sistemi ilə vəkillik institutu arasında münasibətlər qarşılıqlı hörmət və hüquqi əməkdaşlıq üzərində qurulmuş tərəfdaşlıqdır. Hakimlərin müstəqilliyi və vəkillərin sərbəst fəaliyyəti bir-birini tamamlayan, eyni məqsədə – ədalətin bərqərar olmasına xidmət edən konstitusion dəyərlərdir".
Pravda.az xəbər verir ki, bu sözləri Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov 28 dekabr - Vəkil Günü münasibətilə keçirilən tədbirdə deyib.
"Bildiyiniz kimi, bu gün vəkillik, məhkəmə, bütövlükdə hüquq sahəsində əldə olunan nailiyyətlərin təməlində məhz Ulu Öndər Heydər Əliyev amili dayanır. Onun təşəbbüsü ilə ölkəmizdə hüquqi islahatlar sistemli şəkildə həyata keçirilmiş, üçpilləli məhkəmə sistemi formalaşdırılmış və ədalət mühakiməsinin səmərəliliyi əsas prioritetlərdən olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi kurs əsasında məhkəmə sistemində islahatları daha da genişləndirmişdir. Bu islahatların əsas istiqamətləri arasında məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmləndirilməsi, hüququn aliliyinin təmin edilməsi, məhkəməyə müraciət imkanlarının genişləndirilməsi, məhkəmələrin elektronlaşdırılması və digər fundamental məsələlər yer almışdır. Həmçinin son illərdə məhkəmə sahəsində qanunvericilik bazası təkmilləşdirilmiş, Məhkəmə-Hüquq Şurasının səlahiyyətləri genişləndirilmiş, Hakimlərin Qiymətləndirilməsi Komitəsi yaradılmış, hakimliyə namizədlərin seçimi mexanizmləri sadələşdirilmişdir. Xüsusi qeyd etmək istərdim ki, Ali Məhkəmənin vahid məhkəmə təcrübəsi yaradan aktlarının indeksləşdirilməsi Qaydasının təsdiqi hüquq ictimaiyyəti üçün mühüm əhəmiyyət kəsb edir. Bu günədək Ali Məhkəmənin icraatında olan işlər üzrə 180-dən çox məhkəmə aktı indeksləşdirilərək rəsmi internet səhifəsində dərc edilib. Bu aktlar cinayət, mülki, inzibati, kommersiya işlərini əhatə edir və vəkillər üçün məhkəmə təcrübəsinin əvvəlcədən öyrənilməsi baxımından əhəmiyyətli hüquqi mənbə rolunu oynayır. Hüquq sistemində ədalət yalnız yüksək, o cümlədən humanist tələblərə cavab verən normativ aktların mövcudluğu ilə deyil, həmin normaların peşəkarlıqla həyata keçirilməsi zamanı bərqərar olur. Bu sahədə vəkillərin rolu isə xüsusilə əhəmiyyətlidir. Vəkillər tərəfindən qaldırılan məsələlər daim diqqətdə saxlanılır və onların həlli istiqamətində müvafiq tədbirlər görülür. Bu mənada Femida Dialoq Platforması çərçivəsində Vəkillər Kollegiyasının üzvləri ilə mütəmadi görüşlərimiz xüsusi qeyd edilməlidir. Bildiyiniz kimi, bu Platforma məhkəmə və hüquq sisteminin bütün maraqlı tərəfləri - məhkəmə hakimiyyəti, vəkillər, hüquqşünaslar və vətəndaş cəmiyyəti ilə davamlı müzakirələr təşkil etməyə xidmət edir. Hazırda fəaliyyət göstərən hakimlərimizin bəziləri əvvəllər Vəkillər Kollegiyasının üzvü olublar. Eyni zamanda təqaüd yaşına çatan bir sıra təcrübəli hakimlərimizin də vəkillik fəaliyyətinə üz tutması məhkəmə və vəkillik institutları arasında peşəkar qarşılıqlı keçidin mövcudluğunu nümayiş etdirir. Əlbəttə ki, bütün bu hallar məhkəmə hakimiyyəti ilə vəkillik institutu arasında formalaşmış əməkdaşlığın hüquqi dövlətin möhkəmləndirilməsində və ədalətli məhkəmə təminatının reallaşdırılmasında mühüm rol oynadığının bariz nümunəsidir", - İ.Kərimov bildirib.
Aytəkin Qardaşova