Vətənpərvərlik eşqdir! Onun nüvəsi zərrələrdən toplanır. Bu zərrələrin hər birinin öz yeri, öz rolu var. Ruhu Vətən sevgisi ilə yoğrulanlar hər zaman ətrafa nur çiləyir. Şəhadətin şərafəti bu zərrələrin hökm dühasıdır.
O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının “Tarix müəllimliyi” ixtisasında IIIkurs tələbəsidir. İlk dəfə filialda keçirilən indi hansı məzmunda olduğunu tam xatırlamadığım bir tədbirdə rastlaşdıq. Rastlaşdıq deyəndə ki, məlahətli səsi, nəcib hərəkətləri, yüksək davranışı, duyğusal intonasiyası ilə səhnə bölüşürdü. Təbii olaraq münasibətlərimiz formalaşdı. Görüşdüyümüzdə dəfələrlə kaş ki, onlara da dərs deməyimi arzuladıqlarını ifadə edib.
Haqında bəhs etdiyim gənc Günəşdir. Bəli, onun adı Günəş! Əslində hər bir insan iki adla yaşayır bu dünyada. Birini ona əzizləri və yaxud kimsə verir, digərini isə insan özü qazanır. İsgəndərov soyadlı tələbəmiz isə Günəş adını həm də özü qazanıb. Mədəni davranışı, yüksək istedadı və vətənpərvərliyi ilə.
Quba Rayon İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialının birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuş qəhrəman şəhid Nuran Akif oğlu Mirzəyevin xatirəsinə həsr edilmiş, ADPU-nun Quba filialının Ağsaqqallar Birliyinin sədri Şıxəmməd Seyidməmmədovun müəllifi olduğu “Vətən üçün şəhid oldum” kitabının təqdimat mərasimi dekabrın 26-də filialda keçirildi.
Filialda keçirilən belə bir vətənpərvərlik tədbirində bədii hissə Günəşsiz olarmı..?
Təqdimatda Günəş İsgəndərov söylədiyi Saleh Səbatın “Ata, evə gəlirəm!” şeiri ilə salonda ən duyğusal anları yaşatdı. Şeirin son bəndini şəhid atasının hüzuruna gələ-gələ səsləndirən Günəş, Akif Mirzəyevin əllərindən öpdü, şəhid atası onu bağrına basdı! Günəş qəhər içində çırpındı. Hamı ağladı, hamı! O anda bunu düşündüm: onun özü Günəş! Şəhid qəhrəmanının acısını da, Onun əbədiyaşar şərafətini də ancaq Günəş nurlandıra bilərdi. Bu səhnənin təsirini quşlar görsə qanad şaxlar, çay eşitsə dayanardı, qaya görsə yarılardı, buzlar əriyib dənizlərə qovuşardı.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında hər dəfə istedadlı tələbələrin irəli çəkilməsi ilə bağlı müzakirələr olanda filialın doktoru, Professor Yusif Alıyev böyük məmnuniyyətlə “Günəş, Təhminə müəllimənin tapıntısıdır” (t.ü.f.d., b/m Təhminə Əliyeva), - deyib. Bu gün Günəş filialın səhnəsində bir daha vətənpərvərlik adlı zirvəni fəth elədi. Günəşin yaratdığı təbii səhnə aurası yalnız istedadın gücü deyildi. Yüksək vətənpərvərlik hisləri bu yerdə istedadı üstələyə bilməsə Günəş, yeni bir Günəş adı qazandığını isbat edə bilməzdi. Budur müasir Azərbaycan! Budur Ümummilli Lider Heydər Əliyevin möhkəm təməl üzərində qurduğu Azərbaycançılıq ideologiyasının təntənəsi. Hər kəs ağlaya bilər! Bu Allahın insan övladına bəxş etdiyi hisdir. Ağlatmağı, qəhərləndirə bilməyi isə hər kəs bacara bilməz! Burda mütləq bir neçə amilin vəhdəti olmalıdır.
İstedad hər zaman fərdlər üçün faydalı olub. Lakin bu İlahi nemət vətənpərvərliklə qovuşanda örnək yaranır. Günəşin üzə çıxarılması, ona meydan verilməsi bir örnəkdirsə, onun vətənpərvərliyi örnəklərə örnəkdir.
...Böyük Zəfəri xalqımıza bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyində qəhrəman Azərbaycan Ordusudur. Rəşadətli Ordumuzun tacı Şəhid və qazilərimizdir. Önünüzdə baş əymək də şərafətdir!!! Şəhid və qaziləri Vətənə bəxş edən valideynlər, onların ailələri, gül balalar Sizlərə demək istədiyimin ifadəsi yoxdur. Bu yerdə söz acizdir. Bu yerdəqəlbim kimi söz də inildəyir!
Yazıçı-publisist Sabir Şahtaxtı