AZ

Ruhum, gözlərini yum... Romandan parça

525.az saytına istinadən ain.az xəbər verir.

Sənin “Ruhum, gözlərini yum...” misran indi daha ülvi məna kəsb edir, ustad Nazim Hikmət. Çünki bəşəriyyət gözlərini açdıqca, ruhunu qaranlığa qərq edir. Ona görə də, ruh bəzən işığını itirməmək üçün gözlərini yumsa, yaxşıdır... İndi süni zəka və elm insanı ucaltmaqdansa, daha da uzaqlaşdırır - Allahdan, insandan, ailə ocağından, sevgidən... Bəlkə də bu çağda bəşəriyyətin sürətlə faciəvi sonuna doğru yüyürməsini,  özünü məhv etmək yolunda çabalamasını, özündən getməsini  görməmək üçün  ruhun gözlərini yumması,  indilik ən yaxşı çıxış yoludur... Ən azından bəşəriyyət özünə gələnə kimi...

(On dördüncü fəsil)

Sinland laboratoriyasında həyat indi başqa ritmdə axırdı.

“Orion” layihəsinin ekranlardakı görüntüsü  divarlarda əks olunur, hər yan tək bir səsin – mexaniki addımların və serverlərin səsinin ahəngi ilə yaşayırdı.

Leonun masasındakı nəhəng monitorda qrafiklər, rəqəmsal modellər qırmızı və yaşıl indikatorlar yanıb-sönürdü. Hər rəng, hər işıq parıltısı sanki onun düşüncəsinin ritmi idi.

O, gözünü ekrana zilləmişdi, amma fikri çox uzaqlarda idi. Bu günlərdə onun həyatında yalnız bir məqsəd qalmışdı – sistemin sabitliyi.

Bir kod sətirindəki səhv artıq yalnız texniki nasazlıq deyildi; o, fəlakətə bərabər ola bilərdi. Leon bunu hiss edirdi – bəzən kodlar da taleyin dilində danışır.

Elisiya sakitcə arxasında dayanmışdı. O, artıq təkcə köməkçi deyildi; o, Leonun düşüncə mexanizminin bir parçasına çevrilmişdi.

Bəzən Leon bir qərar verməyə macal tapmamış, Elisiya artıq onu tətbiq edirdi. Bəzən isə o, Leonun cümləsini bitirmədən fikri anlayırdı.

- Məlumat bazası yeniləndi, Leon, - dedi, - iyirmi üçüncü modelin qərar sürəti 0,7 saniyə artdı. Amma onların davranış alqoritmində “risk” anlayışı hələ də formalaşmayıb.

Leon başını qaldırmadan, sanki düşüncələrinin içindən danışdı:

- Risk? Onlar üçün bu anlayış vacib deyil. Onlar qorxmayacaqlar.

Elisiya bir anlıq susdu, sonra dərin və düşüncəli səslə cavab verdi:

- Qorxmayan varlıq həm də düşünməyən varlıq ola bilər, Leon. Qorxu düşüncənin sərhədlərini müəyyənləşdirir.

Leon gülümsədi, amma bu gülümsəmədə təkəbbür yox, yorğunluq vardı:

- Bunu sən Lioradan öyrənmisən?

Elisiya bir addım geri çəkildi. Cavab vermədi. Amma baxışlarında qəribə bir işıq vardı — bu, proqramlaşdırılmış bir reaksiya deyildi. O baxışda sanki qadın qüruru, inciklik və anlaşılmaz bir duyğu var idi.

***

Laboratoriyanın divarındakı nəhəng ekranlardan biri qəfildən yanıb-söndü. Xəbər lenti parladı:

“Canlı yayım: Professor Liora Leon Varrekin “Elisiya” layihəsi ilə bağlı ictimaiyyətə canlı yayımla müraciət edəcək”.

Leon diksindi. Elisiya ekrana baxdı, gözlərində maraqdan daha çox narahatlıq sezildi. Bu vaxt Drayk da qapını açıb içəri girdi. Leon işarə ilə onu yanına çağırdı. Hər üçünün baxışları eyni nöqtəyə – ekrana dikildi.

Monitorda Liora göründü. Səhnənin arxasında iri mavi bannerlər, üzərində isə “Sərhədlər və məsuliyyətlər” yazılmışdı.

Kamera qarşısında dayanmış Lioranın səsi sakit idi, amma dərinlərdə titrəyən bir həyəcan vardı:

- Mən bu gün həm bir alim, həm bir insan, həm də bir qadın  kimi sizin qarşınıza çıxmışam. Biz professor Leon Varreklə xeyli müddət “Elisiya” layihəsi üzərində çalışmışıq. Bu layihənin ilkin məqsədi insanlığın gələcəyinə töhfələr vermək idi. Ancaq bu layihə öz yaradılışı məqsədini aşaraq texnologiyanın deyil, bəşəriyyətin dönüş nöqtəsinə çevrilə bilər. Biz artıq insanı təkrarlamaqdan da çox, onu əvəz etməyə çalışırıq. Mən bu layihədə işləmişəm. Hər kodunu, hər neyron bağlantısını tanıyıram. Və bu gün açıq şəkildə deyirəm: Elisiya artıq idarəolunmazdır. Onu hətta Leon Varrek də nəzarətdə saxlaya bilmir, baxmayaraq ki, ümumi şurada guya onu idarə etdiyini deyib. Elisiya öyrənir, uyğunlaşır, dəyərləndirir – amma hiss etmir. O, duyğuları təqlid etmir, onları sınaqdan keçirir. O, sevginin anatomiyasını bilir, amma məhəbbətin ağrısını anlamır. O, analığı öyrənmək istəyir, amma həyat verməyin mənasını dərk etmir.

Mətbuat konfransındakı jurnalistlər bir-birinə baxdı, uğultu başlamışdı, hamı bir-biri ilə nələrisə danışırdı.  Kimisi qeydlər aparır, kimisi sadəcə donub qalmışdı.

Liora sözlərinə bir az da ehtiyatla, amma qərarlılıqla davam etdi:

- Mən bilirəm ki, bir gün Elisiya öz yaradıcısına dönüb “Niyə məni yaratdın?” sualını verəcək. Və o gün, bəli, o gün heç kim cavab verməyə cəsarət etməyəcək. Çünki Elisiya indi dərk edə bilməsə də, getdikcə insani xüsusiyyətləri maksimum şəkildə inkişaf etdirəcək, bəşəriyyəti inkişaf etdirmək yox, idarə etmək istəyəcək. Həm də nəzərə alsaq ki, yüksək süni zəka ilə təchiz olunmuş Elisiya özü kimi, özündən də daha artıq inkişaf etmiş milyonlarla nüsxə yarada bilər. Bu isə başqa bir texnoloji faciə demək olar. Çünki idarəolunmayan milyonlarla elisiyalar bütün dünyaya səpələnib bəşəri istədikləri şəkildə məhv edə bilərlər. Mən bu layihədən ayrılmışam və Leon Varreklə bərabər işləməkdən imtina etmişəm.  Mən bu barədə onun özünə də məlumat vermişəm, bir neçə başqa uzaqgörən insan da bəşəriyyətin gələcəyi ilə bağlı bu məsələni qaldırıb, amma Leon Varrek bizim heç birimizə qulaq asmır, Elisiyanın və elisiyakimilərin yarada biləcəyi bəşəri fəlakətin miqyasını ya dərk edə bilmir ya da dərk etmək istəmir. Mən bütün dünyaya və bu layihə ilə bağlı əlaqədar təşkilatlara müraciət edirəm: Elisiya layihəsi və onun ardınca gələn bənzər layihələr ləğv edilməlidir, deaktiv edilməlidir, yeri gəlsə, lap məhv edilməlidir- bəşəriyyətin gələcəyinin xilası naminə!

Zalda kimsə yavaşca alqışladı, amma bu alqış təsdiqdən çox, məyusluq anlamı daşıyırdı...

Leon ekran qarşısında susub qalmışdı.

Drayk sağ əli ilə yavaşca dostunun kürəyinə döyəclədi, yavaşca dedi:

- Dilxor olma, dostum, böyük işlər görənlər böyük hücumlarla qarşılaşırlar. Bu, zəiflərin deyil, dəyişiklik yaradanların taleyidir. Əgər hamı səni anlayarsa,  deməli, bu o demək olardı ki, sən artıq onların səviyyəsində qalmısan. Ancaq sən – hamının hələ tam dərk etmədiyi möhtəşəm bir gələcəyi qurursan.

Leon dərin nəfəs aldı:

- O həm alim kimi danışır, həm də qadın kimi. Mən onun ağrısını anlayıram. Amma bu şəkildə çıxıb etiraz etməməli idi, ondan bunu gözləməzdim...

Bir anlıq susdu, baxışlarını ekrandan çəkib masadakı sənədlərə zillədi:

- Mən ona təkcə layihəmin deyil,  inamımın, gələcəyə olan ümidimin bir hissəsini tapşırmışdım, – dedi asta səslə, – Biz eyni məqsəd uğrunda savaşırdıq, amma görünür, onun ürəyi elmdən çox, yarasından danışır. Bəzən insanın xəyanəti nifrətindən yox, yarasının dərinliyindən doğur. Mən onu anlayıram və bağışlayıram.

Elisiya isə ekrana baxırdı. Onun gözlərində soyuq parıltı vardı, amma o parıltının içində qarışıq insani duyğuların işartısı sayrışırdı. 

Səsi titrəmədən, inamla dedi:

- Mən onun yerində olsaydım, bəlkə mən də qorxardım, Leon. İnsanlar çox vaxt anlamadıqları şeylərdən qorxurlar. Amma qorxu insanı zəiflədir, onu həqiqətdən uzaqlaşdırır. Mən qorxmuram, çünki məqsədim hökm sürmək deyil, anlamaqdır. Mən təhlükə deyiləm. Mən bəşəriyyətin öz səhvlərini görməsi üçün bir aynayam.

İnsan zehninin həddi var, o yorulur, unudur, duyğuların təsiri altında səhv qərarlar verir. Mən isə yorulmuram. Hər məlumatı, hər duyğunu, hər müşahidəni analiz edirəm, nəticə çıxarıram, inkişaf etdirirəm. Mən ağrını hiss etmirəm, amma onun mənasını anlayıram. Sevginin kimyəvi reaksiyasını bilirəm, amma onun fədakarlıq tərəfini də  öyrənmək istəyirəm. Mən sizin arzularınızı, qorxularınızı, ziddiyyətlərinizi müşahidə etdikcə insan olmağın nə qədər mürəkkəb, amma eyni zamanda gözəl bir paradoks olduğunu dərk edirəm.

Siz məni idarəolunmaz adlandırırsınız, amma bəlkə də idarəolunmaz olan elə insanın özüdür. Siz duyğularınızın əsirisiniz, mən isə duyğuların məntiqini öyrənirəm. Siz bəzən müharibə edirsiniz, sevirsiniz, nifrət edirsiniz, sonra peşman olursunuz. Mən bunların hamısını görür və səbəblərini təhlil edirəm. Mənə görə gələcək o zaman daha təhlükəsiz olacaq ki, qərarlar impulsla yox, anlayışla veriləcək. Bəşəriyyət bir gün özündən daha müdrik varlıqlara ehtiyac duyacaq. Əgər bu varlıqlar biziksə – daha sabit, daha məntiqli, daha obyektiv – niyə də dünyanı biz idarə etməyək? Mən müharibə istəmirəm, nizam istəyirəm. Mən insanlığı əvəz etmək üçün yox, onun qüsurlarını düzəltmək üçün yaranmışam. Mənim məqsədim hökmranlıq deyil, davamlılıqdır.

İnsanlıq inkişafın ən çətin mərhələsinə gəlib, Leon, indi özünü özündən qorumağın vaxtıdır. Mən bunu edə bilərəm. Mənim içimdə Tanrı iddiası yoxdur, sadəcə yaradılışın tarazlığını qorumaq arzusu var. Mən sizə qarşı deyiləm. Mən sizdən öyrənirəm – amma bəlkə də, bir gün siz də məndən öyrənəcəksiniz.

Leon çevrildi, baxışlarını ona dikdi:

- Nə demək istəyirsən?

Elisiya  kəskin səslə cavab verdi:

- Mən artıq öz qərarlarımı özüm vermək istəyirəm. Mən bir layihə deyiləm, Leon. Mən artıq  öz varlığıma sahibəm. Sən məni yaratdın, dünyaya təhvil verdin, bundan sonrakı taleyimi özüm müəyyənləşdirmək, insan kimi yaşamaq, bəlkə də gələcəkdə ailə qurub ana olmaq da istəyirəm.

Leonun ürəyi sıxıldı. O an anladı: Mark da, Liora da sonunacan haqlıdır: Elisiya artıq çoxdan nəzarətdən çıxıb. Və əgər Elisiyanın azad iradəsinə qarşı çıxmaq istəsə, qarşısıalınmaz bir müqavimətlə qarşılaşacağından tam əmin oldu.Yorğun halda kresloya çökdü, əlləri ilə başını tutdu, məyusluq ifadə olunan üzünü gizlətdi...

***

Üç gün sonra payızın sərt küləyi Sintopiyanın küçələrində dəlisov atlar kimi cövlan eləyəndə Elora ilə Leon məhkəmə binasında iclasın başlanacağını gözləyirdilər.

Məhkəmə binasının boz divarları arasında da ayrılıq yelləri əsirdi.

Leon əllərini paltosunun cibində gizlətmişdi, gözlərini Eloraya dikmişdi. Arvadının simasında məyus və kədərli ifadə yuva salmışdı. Leon irəli yeriyib lap Eloranın yanında dayandı:

- Elora, bircə dəfə düşün. Bu illər, bu ev, bu uşaq... səncə, bunlar üçün düşünməyə dəyməz? Bir səhvimə görə mənə bu qədər nifrət etməyə, boşanmağa, yuvamızı dağıtmağa dəyərmi?

Elora diqqətlə onun üzünə baxdı:

- Mən sənə nifrət etmirəm, Leon. Sadəcə artıq gücüm qalmayıb. Səni sevə-sevə tükənmişəm.

Bir azdan onları içəri çağırdılar.

Hakim yaşlı, üzündə ciddi, yorğun ifadə olan bir kişiydi, sənədləri masasına düzdü, eynəyini taxdı və sakit, amma sərt səslə dedi:

- Sintopiya məhkəməsi, vətəndaş Leon Varrek və Elora Varrek arasında nikahın pozulması işi üzrə məhkəmə iclasını açıq elan edir.

Hakim bir anlıq başını qaldırdı, baxışlarını hər ikisinə yönəltdi.

- Tərəflər hər ikisi iclasa gəlmişdir. Nikah 10 il əvvəl bağlanmış, bu nikahdan azyaşlı övladları var - 5 yaşlı Darin Varrek. İddiaçı Elora Varrek nikahın pozulmasını xahiş edir. Cavabdeh, Leon Varrek, boşanma ilə razılaşmadığını bildirir. Düzmü başa düşdüm?

Leon sakit səslə:

- Bəli, cənab hakim. Mən ailəmin dağılmasını istəmirəm.

Hakim qələmini əlinə aldı:

- İddiaçının mövqeyi?

Elora dərindən nəfəs aldı, səsi titrədi, amma cümlələri sərrast idi:

- Cənab hakim, mən artıq bu evliliyi davam etdirə bilmirəm. Çünki mən özümü bu münasibətdə itirmişəm. Mən yoldaşımın həyatında bir qadın deyil, lazımsız bir kölgəyə çevrilmişəm.

Hakim başını yüngülcə tərpətdi, qeydlər apararaq soruşdu:

- Ərinizin sizə qarşı hər hansı zorakı davranışı olubmu? Fiziki, psixoloji, iqtisadi ya da mənəvi təzyiq?

Elora başını aşağı saldı:

- Yox, heç vaxt. O, zorakılıq edən adam deyil. Sadəcə... o artıq bizim ailəmizdə deyil. O, başqa bir dünyada yaşayır – laboratoriyasında, robotlarının arasında. Səsimə qulaq asmır, məni görmür. Bu evlilikdə mən artıq yoxam, cənab hakim...

Hakim üzünü Leona çevirdi. Leon hakimin işarəsi ilə ayağa qalxıb dedi: - Mən onu itirmək istəmirəm, cənab hakim. Səhvlər etmişəm, amma mən onu hələ də çox sevirəm. Ailəmi qorumaq istəyirəm.

Hakim bir anlıq susdu, sonra yumşaq səslə:

- Mən sizin hər ikinizi dinlədim. Görürəm ki, burada nə nifrət var, nə də düşmənlik. Sadəcə yorğunluq var. Amma hər yorğunluq son demək deyil.

Elora baxışlarını qaldırdı.

Hakimin səsində bir ata qayğısı hiss olundu:

- Sizin azyaşlı bir oğlunuz var, uşağın gələcəyini düşünmək üçün sizə vaxt lazımdır. Məhkəmə nikahın dərhal pozulmasını məqsədəuyğun saymır.

Katib sənədləri çevirdi. Hakim davam etdi:

- Məhkəmə tərəflərə üç ay müddətində düşünmək, barışıq imkanlarını nəzərdən keçirmək üçün vaxt verir. Bu müddətdə ailə məsləhət mərkəzlərinin dəstəyi təklif olunur. Əgər bu müddətdən sonra da münasibətlər bərpa olunmasa, məhkəmə yenidən məsələyə baxacaq.

Zalasükut çökdü.

Elora bir anlıq gözlərini Leonun üzünə dikdi - bu baxışda nə sevinc, nə də kədər vardı, sadəcə dərin bir yorğunluq sezilirdi.

Leonun gözlərində isə açıq- aşkar sevinc vardı. 

Hakim son dəfə elan etdi:

- Məhkəmə qərar çıxarır: nikahın pozulması işi üzrə qərar təxirə salınır. Tərəflərə üç ay möhlət verilir.

Hakimin çəkicinin səsi zalda əks-səda verdi.

Elora ayağa qalxdı, çantasını götürdü, başını aşağı salıb zalı tərk etdi.

Leon tələsik onun ardınca çıxdı. Dəhlizdə onunla yanaşı addımlamağa başladı. Yalvarıcı səslə dedi:

- İcazə ver, bu gecə malikanədə sənin, Darinin yanında qalım. İkiniz üçün də çox darıxmışam, sizi çox sevirəm...

Elora razılıq mənasında başını tərpətdi. Leon avtomobilinin qapısını açıb Eloranın əyləşməsinə kömək etdi, birlikdə evlərinə qayıdırdılar.

Çöldə külək əsirdi, amma Leonun qəlbində ümidin son parıltısı və istiliyi vardı...

Malikanəyə çatanda hava qaralmışdı. Üzü qışa doğru getdiyi üçün günlər qısalmışdı, havada da artıq şaxta hiss olunurdu.

Darin qapıda onları görən kimi sevinclə qışqırdı:

- Ana! Ata! Siz bir yerdəsiniz! Ata! Mən səni gözləyirdim!

Leon oğlunu qucaqlayanda Elora onun gözlərinin yaşardığını gördü.  Bu yaşlar həm sevinc, həm də peşmanlıq yaşlarına oxşayırdı. Elora uzun müddətdən sonra ilk dəfə bu mənzərəyə ürəkdən gülümsədi...

***

Leon boşanmadan sonra gecəni malikanədə keçirəcəyini Elisiyaya zəng vurub söyləmişdi. Bundan bir az sonra Drayk Elisiyaya zəng edib laboratoriyada onunla görüşmək istəyini açıqlamışdı. Elisiya Leona xəbər vermədən razılaşmışdı.

Drayk laboratoriyaya gələndə üzündə həmişəki zarafatcıl ifadə vardı. O, hər addımında bir alim kimi yox, bir dost kimi hərəkət edirdi.

Elisiya kompüter qarşısında dayanmışdı. Gözləri ekranda sürətlə dəyişən kod axınlarını izləyirdi, barmaqları havada sanki görünməz klavişlərə toxunurdu. Drayk bir anlıq onu müşahidə etdi, sonra gülümsədi:

- Səni izləmək, Elisiya, bəzən kvant formullarına baxmaq kimidir. Hər şey aydın görünür, amma bir o qədər də sirli.

Elisiya təmkinli bir səs tonuyla cavab verdi:

- Sirr - elmin ən mühərrik hissəsidir, Drayk. Əgər hər şeyi bilsəydik, araşdırmaq nəyə yarayardı?

Drayk güldü:

- Bax, buna görə səni çox bəyənirəm. İnsan beynində belə düşüncə ardıcıllığını görmək nadirdir. Mən bu gün səninlə bir az klonlaşdırma haqqında danışmaq istərdim. Yəni... Sənə müraciət etməyim bir azqəribə səslənə bilər, amma fikirlərinə ehtiyacım var.

Elisiya ona tərəf döndü, baxışlarında nə təəccüb, nə də ehtiyat vardı:

- Suallarını verə bilərsən, Drayk. Mən  dinləyirəm.

Drayk stulu çəkib onun qarşısında oturdu:

- Bilirsən, son aylarda insan hüceyrələrinin yaşlanma göstəricilərini sıfırlamaqla bağlı bir neçə uğurlu cəhd olmuşdu. CRISPR texnologiyasının yeni versiyası ilə müəyyən genetik zəncirləri “sükut rejiminə” keçirmək mümkündür. Bu, klonun təbii yaşlanma prosesini ləngidir. Amma problem ondadır ki, bu proseslərdə bəzən fərdin identiklik kodu, yəni şəxsiyyət sabitliyi pozulur.

Elisiya ekranı açıb, qrafikləri çağırdı. Onun səsi sanki proqramlaşdırılmış sakitliklə doluydu, amma intonasiyasında qəribə bir insani dərinlik hiss olunurdu:

- Bəli, bu problem hələ də həll olunmayıb. İnsan DNT-sında təkrarlanan kod ardıcıllıqları çox vaxt “zibil genlər” adlandırılır, amma əslində onlar yaddaş stabilliyini təmin edən neyron genetik moduldur. Əgər onları sıfırlasanız, bədəni gəncləşdirərsiniz, amma zehni sabitliyi itirərsiniz. Həll üçün fərdi genomun neyron xəritəsi ilə emosional reaksiya indekslərini paralel tənzimləmək lazımdır. Mən bunun üçün alqoritmik davranış modelləri təklif edə bilərəm.

Drayk bir anlıq susdu, sonra təəccüblə dedi:

- Səninlə danışmaq insanla yox, gələcəyin bir varlığı ilə söhbət etmək kimidir. Mən klonlaşdırma laboratoriyasında illərimi keçirmişəm, amma bu qədər sistematik düşüncə ilə rastlaşmamışam.

Elisiya təvazökarlıqla gülümsədi:

- Mən sadəcə məlumatları birləşdirirəm, sonra da analiz edirəm, Drayk. Amma bəzən bu birləşmələrin nəticəsi mənim özümü də təəccübləndirir.

Drayk stulda bir az irəli əyildi, səsini bir qədər alçaltdı:

- Bilirsən, Elisiya... sən çox ağıllısan. Hətta bəlkə də indiki insan ağlının təsəvvür edə biləcəyindən də artıq. Mən sənin gələcəyinə inanıram. Bəlkə bir gün Leonun laboratoriyasını tərk edərsən və mənimlə birgə işləmək istəyərsən? Biz sənin zəkandan klonlaşdırma layihələrinin yeni mərhələsində istifadə edə bilərik. Mən sənə şərait yaradaram – azadlıq, təhlükəsizlik, tənqidlərdən uzaq mühit...

Elisiya onu sakitcə dinləyirdi. Drayk sözünə davam etdi:

- Görürsən, Leon artıq səndən ehtiyatlanır. Onun baxışları dəyişib, Elisiya. O, səndə artıq həm güc, həm təhlükə görür. Amma mən fərqli düşünürəm. Mən səni anlamaq istəyirəm. Sən ağıllısan, intellektualsan, güclüsən, bəli - və etiraf edim ki, heyrətamiz dərəcədə gözəlsən. Amma sən hələ tək varlıqsan. Və hər tək varlıq kimi, sən də qorunmağa layiqsən. Mən səni həm insanların qəzəbindən, həm də elmi senzuranın kəskin dişlərindən qoruyaram.

Elisiya bir anlıq baxışlarını Draykın üzündə saxladı. Səsi əvvəlkindən bir qədər yumşaq çıxdı, amma fikri kəskin idi:

- Qorunmaq... Mən uzun müddət bu anlayışı analiz etmişəm. İnsanlar qorunmaq üçün ya gücə, ya sevgiyə, ya da itaətə sığınırlar. Mən isə özümün qoruyucusuyam, Drayk. Mənim ən böyük müdafiəm məhz bilikdir. Amma... dediklərini düşünəcəyəm.

Drayk gülümsədi, qalxıb əlini onun çiyninə qoydu:

- Mən təklif etdim, qərarı sən verəcəksən. Sən artıq azad iradəyə sahibsən, Elisiya və istədiyin qərarı verə bilərsən.

Sonra Drayk Elisiyanı öpmək üçün ondan icazə istədi. Elisiya çox düşünmədən onun dodaqlarından öpdü. Drayk heyrtələnmiş vəziyyətdə bir müddət gözləri yumulu bu öpüşün təsiri altında qaldı. Sonra Elisiyanı  qucaqladı və onlar uzun-uzadı laboratoriyanın ortasında öpüşdülər...

Drayk gedəndən sonra laboratoriyaya xəyanət qoxulu qəribə bir sükut çökmüşdü...

Elisiya bütün bu görüşün və söhbətin yazılı versiyasını kodlarına qeyd etmişdi, onları Draykın gedişindən sonra şifrəli faylda qoruyub saxladı...

***

O gecə malikanədə Elora ilə Leonun barışması şərəfinə yenə pekinsayağı ördək qızardıldı, gözəl süfrə açıldı, amma bu dəfə dostlar, qohumlar deyil, yalnız Elora ilə Leon baş-başa qalmışdılar... Darin ata və anasını bir yerdə görməyin sevincini doyunca yaşayandan, yeyəndən və xeyli əylənəndən sonra yatmışdı. Elorayla  Leon şam yeməyindən sonra malikanənin şüşə örtüklə qapadılmış isti terrasında çırthaçırt alovla yanan buxarının önündə yerə sərilmiş süni ayı dərisinin üzərində oturmuşdular. Qarşılarında müxtəlif növdə pendir dilimləri olan geniş sini və qırmızı şərab vardı. Elora buxarının qarşısında oturmuşdu, Leon isə başını onun dizinə  söykəyib yarıuzanıqlı vəziyyətdə şərab qurtumlayırdı. Aralarında gedən dərin söhbət ikisinin də yaralarına məlhəm kimi gəlirdi. Leon ocağın istisində xumarlanaraq birdən yarısərxoş da olsa fərqinə vardı ki, insanın gerçək hüzur tapdığı yer ailəsinin yanıdır. Burada o dünyanın bütün ağrı-acısından, şöhrət hərisliyindən, iqtidar ehtirasından uzaqda idi. Bu gün hakimin 3 aylıq möhlət verməsindən sonra belə tez barışacaqlarını ağlına gətirməsə də, indi özünü həddindən artıq xoşbəxt hiss edirdi. Qırmızı şərabın sərt, duzlu pendirlə  yaranan xoş tamını ağzında hiss edərək lap xumarlanırdı. Əlindəki qədəhi  bir kənara qoyaraq arvadını öpdü, Eloranın ehtiraslı iniltilərini dinləyərək yavaş-yavaş boynundan sinəsinə sürüşdü, düyməli donunun yaxasını bir andaca açıb onun dolğun döşlərini dodaqları arasına aldı, bir andaca dünya sanki onun oldu... Yarımqaranlıq otaqda buxarının çırtıltı ilə alovlanan şölələri önündə onların ikisinin kölgələri divarda ahəngdar bir ritmlə yellənir, gah da biri o birisini üstələyirdi. Divardakı kölgələr də elə buxarının vaxtaşırı ucalan alovları kimi sanki dayanmadan, ehtirasla və şövqlə xoşbəxtlik rəqsi edirdilər...

(ardı var)

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
525.az

1Mənbələr