Son həftələr Türkiyə ilə İsrail arasında gərginlik adi diplomatik atışmalar mərhələsini keçərək açıq şəkildə hərbi ssenarilərin müzakirə olunduğu təhlükəli fazaya daxil olub. Bir müddət əvvələ qədər fantastik görünən İsrail–Türkiyə müharibəsi ehtimalı indi həm Ankarada, həm də Təl-Əvivdə ciddi siyasi və hərbi dairələrdə açıq şəkildə dəyərləndirilir.
KONKRET.az xəbər verir ki, xüsusilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrailin baş naziri Benyamin Netanyahu arasında sərt ritorika müzakirəni siyasi bəyanatlardan çıxarıb iki ölkənin real hərbi gücünün müqayisəsinə gətirib çıxarıb. Artıq əsas sual budur: mümkün silahlı qarşıdurma olarsa, İsrail Türkiyəyə real şəkildə müqavimət göstərə bilərmi?
Müzakirələrə yeni təkan Türkiyənin Misirdəki sabiq səfiri Ulus Özülkərin açıqlamaları verib. Onun sözləri həm Türkiyə, həm də İsrail mediasında geniş rezonans doğurub. Keçmiş diplomat İsrailin, eləcə də Yunanıstan və Cənubi Kiprin Türkiyəyə qarşı hərbi üstünlük əldə etməsi barədə danışmağın əsassız olduğunu iddia edib və mümkün toqquşmaya sırf hərbi-strateji prizmadan yanaşıb.
Özülkərə görə, İsrailin Türkiyə ilə müqayisə ediləcək səviyyədə hərbi-dəniz qüvvələri yoxdur, quru qoşunları isə Suriya və ya Livan istiqamətindən genişmiqyaslı əməliyyat aparmaq imkanına malik deyil. Onun fikrincə, belə bir ssenaridə İsrail yalnız Hərbi Hava Qüvvələrinə, kəşfiyyata və xüsusi əməliyyat alətlərinə – xüsusilə “Mossad”ın fəaliyyətinə güvənə bilər.
Türkiyəli diplomatın ritorikası xüsusilə sərt olub. O, Netanyahunu “özünü cəsur kapitan kimi təqdim edən, amma müharibənin mümkünsüzlüyünü anlayan siyasətçi” adlandırıb və bildirib ki, iki ölkə arasında hərbi balans yoxdur. Özülkərin fikrincə, mümkün eskalasiya regionu aşaraq qlobal münaqişəyə çevrilə bilər.

İsraildə bu açıqlamalar marjinal fikir kimi yox, Türkiyə siyasi elitasında formalaşan daha geniş yanaşmanın göstəricisi kimi qəbul edilib. Artıq Ankarada İsrailə qarşı güc tətbiqi ehtimalı tabu sayılmır.
Bunun fonunda Türkiyənin HƏMAS-a açıq dəstəyi İsraildə əlavə narahatlıq doğurur. Ankaranın Qəzza ilə bağlı təşəbbüsləri və mümkün hərbi iştirakı İsrail tərəfindən vasitəçilik deyil, anti-İsrail mövqeyinin güclənməsi kimi qiymətləndirilir.
Reallıqda isə Türkiyə son illər ordusuna ardıcıl və sistemli şəkildə böyük sərmayələr yatırıb. Şəxsi heyətin sayı, quru qoşunlarının miqyası və hərbi-dəniz donanmasının gücünə görə Türkiyə İsraili xeyli üstələyir. Ankara Şərqi Aralıq dənizində ən böyük donanmalardan birinə malikdir, müasir freqatlar, korvetlər və pilotsuz dəniz platformaları istehsal edir. Eyni zamanda, geniş hərbi baza və logistika şəbəkəsi formalaşdırıb. Hava məkanında isə Türkiyə yerli istehsal PUA-lara üstünlük verir və F-35 proqramına qayıtmaq niyyətini gizlətmir.
İsrail isə fərqli hərbi doktrinaya əsaslanır. Müdafiə Ordusu daha kompakt, yüksək texnologiyalı və sürətli, nöqtəvi əməliyyatlara yönəlib. Onun əsas üstünlükləri Hərbi Hava Qüvvələri, kəşfiyyat imkanları, raketdən müdafiə sistemləri və uzaqmənzilli dəqiq zərbələrdir. Lakin Türkiyə kimi böyük demoqrafik və resurs potensialına malik ölkə ilə uzunmüddətli dövlətlərarası müharibə ssenarisində bu üstünlüklər kifayət qədər etibarlı görünmür.
Təsadüfi deyil ki, Netanyahu son çıxışlarından birində F-35 qırıcılarının region ölkələrinə verilməsi mövzusuna toxunaraq İsrailin güc balansını dəyişə biləcək ölkələrə bu təyyarələrin satışına mane olacağını açıq şəkildə bəyan edib. O, həmin ölkələr sırasında Türkiyənin də adını çəkib.
İsraildə əlavə narahatlıq doğuran məqam Ankaranın Suriyada güclü radiolokasiya sistemləri yerləşdirmə planlarıdır. Ekspertlər hesab edirlər ki, bu radarlar Türkiyəyə regionun hava məkanına nəzarəti genişləndirməyə və İsrailin fəaliyyətini daha yaxından izləməyə imkan verəcək.

Yüksək vəzifəli türk rəsmilərinin Dəməşqə səfərləri və yeni Suriya rəhbərliyi ilə təmasları fonunda bu planlar Təl-Əvivdə şimal sərhədlərində yeni hərbi-siyasi reallığın formalaşması kimi qiymətləndirilir.
Maraqlıdır ki, İsrail–Türkiyə qarşıdurması artıq təkcə bu iki ölkə arasında deyil, regiondan kənarda da müzakirə olunur. Misirli diplomat Ramzi İzzəddin Ramzi Qahirə telekanalında çıxış edərək Şərqi Aralıq dənizində güc balansının dəyişdiyini və təhlükəsizlik arxitekturasının yenidən formalaşdığını bildirib.
Nəticə etibarilə, Ulus Özülkərin “İsrailin blefi” ilə bağlı fikirləri Türkiyənin müharibəyə hazır olduğu mesajından çox, Ankaranın özünü artıq regional hərbi güc kimi görməsinin nümayişidir. İsrail isə anlayır ki, Türkiyə ilə birbaşa hərbi toqquşma son dərəcə riskli və dağıdıcı nəticələrə gətirib çıxara bilər.
Hazırkı mərhələdə tərəflər arasında yaşananlar açıq müharibə deyil, təzyiq, siqnal və sinir savaşıdır. Amma diplomatik çərçivənin getdikcə daraldığı da artıq danılmaz faktdır.
Natiq Səlim,
KONKRET.az