AZ

Natiq Cəfərli ilə deputat arasında “söz savaşı” - “Bizim deputatlar anlamalıdır ki...”

“Mənim yanaşmamın iqtisadi olaraq əssasız olduğunu Kamal Cəfərov əsaslandırmalıdır. İqtisadi əsasları yoxdur deməklə deyil ki. Niyə yoxdur? Deputat bunu niyə əsaslandıra bilmir?”

Bu sözləri “Yeni Sabah”a açıqlamasında Respublikaçı Alternativ (ReAL) Partiyasının sədri Natiq Cəfərli deyib. O bildirib ki, dünyanın inkişaf etmiş ölkələrində gömrük xidmətinin ayrıca qurum kimi fəaliyyət təcrübəsi yoxdur:

“Bunun həm iqtisadi, həm siyasi, həm də idarəçilik əsasları var. Dünya ölkələrinin praktikasına baxsınlar. Harada ayrıca fəaliyyət göstərən Gömrük Komitəsi var? Təkcə Rusiya, Belarus və bu tip ölkələrdə var. Hətta qardaş Türkiyədə belə bu qurum Ticarət və Gömrük Bakanlığı adlanır. Dünyanın bir çox ölkələrində gömrüklə bağlı ayrıca qurumun fəaliyyəti, onun istintaq, yoxlama funksiyalarının olması qəbul edilməzdir. Bu, iqtisadiyyata əlavə problemlər yaradır”.

Siyasətçi vurğulayıb ki, DGK-nin fəaliyyəti iqtisadi və idarəetmə olaraq, əlavə yükdür:

“Bizim deputatlar da anlamalıdır ki, istənilən tənzimləmə aktları, istənilən müstəqil qurum kimi fəaliyyət göstərən və biznesə müdaxilə imkanları olan dövlət qurumları istənilən halda iqtisadiyyata müdaxilə etdikcə, iqtisadi oyunçuların xərcləri artır. Bu dünyanın iqtisad universitetlərində 1-ci kursda öyrədilən anlayışdır. Xərclər artırsa, iqtisadi oyunçular da qiymətləri artırmağa məcbur olur. Ona görə də, Dövlət Gömrük Komitəsinin ayrıca dövlət qurumu kimi qalmasının kimə nə xeyri var? Bax bunu hörmətli deputatlar, rəsmi şəxslər izah etsələr, daha yaxşı olar. Bunun əhəmiyyəti nədir?”

N.Cəfərli qeyd edib ki, sözügedən qurumun geniş səlahiyyətlərinin olması isə daha böyük məntiqsizlikdir:

“Mən Gömrük Komitəsinin fəaliyyətinin iqtisadiyyatda və idarəetmədə problem olduğunu göstərə bilirəm. Əksini sübut edə bilmirlər. Kiminsə DGK ilə yaxşı münasibəti var, özləri bilər. Amma iqtisadi və idarəetmə nöqteyi-nəzərindən Gömrük Komitəsinin geniş səlahiyyətli orqan kimi qalması məntiqsizdir. İnkişaf etmiş ölkələrdə bunu görmürük. Məntiq də bunu göstərir. Dövlətin gəlirləri gömrük və vergidən formalaşır. Bunların bir mərkəzdən idarə olunması daha doğru olar”.

Qeyd edək ki, Milli Məclisin deputatı Kamal Cəfərov öz “Facebook” səhifəsində Natiq Cəfərlinin Dövlət Gömrük Komitəsinin ləğvi ilə bağlı səsləndirdiyi fikirləri “primitiv” və “iqtisadi olaraq əssasız” adlandırıb.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
14
1
yenisabah.az

2Mənbələr