AZ

“Samsung” əməkdaşları casus çıxdı

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Cənubi Koreyanın texnologiya nəhəngi “Samsung”-un keçmiş əməkdaşlarından ibarət bir qrup Çin lehinə sənaye casusluğu ittihamı ilə həbs olunub. 

Sözügedən şəxslərin rəqib şirkətə 10 nanometr DRAM yaddaş texnologiyasına aid istehsal sirlərini ötürdüyü bildirilib. 

"Cebheinfo.az" xəbər verir ki, Koreanın “JoongAng Daily” qəzetinin xəbərinə görə, Seul Mərkəzi Rayon Prokurorluğu “Samsung Electronics”-in 10 nanometr DRAM yaddaş texnologiyasının genişmiqyaslı oğurlanması işi ilə əlaqədar on nəfəri ittiham edib. 

Aralarında keçmiş Samsung əməkdaşlarının da olduğu beş nəfər saxlanılıb. Şirkətə vurulan zərərin 5 trilyon von (təxminən 3,5 milyard ABŞ dolları), Cənubi Koreya iqtisadiyyatına dəyən ümumi zərərin isə on trilyonlarla von olduğu təxmin edilir. 

Araşdırma zamanı məlum olub ki, 2016-cı ildə qurulan Çin şirkəti ChangXin Memory Technologies (CXMT) tədqiqat və inkişaf bölməsinin rəhbərliyinə keçmiş “Samsung” departament menecerini təyin edib. Həmin şəxs digər keçmiş Samsung əməkdaşları ilə birlikdə texnologiya oğurluğunu təşkil etmək məqsədilə gizli plan hazırlayıb. 

Casuslardan biri “Samsung”-un beş il ərzində inkişaf etdirdiyi DRAM yaddaş istehsalı prosesinə aid yüzlərlə mərhələni əl ilə köçürərək bu məlumatlar hesabına 1,6 trilyon von qazanc əldə edib. Şübhəlilər izlənmədən və saxlanılmaqdan yayınmaq üçün saxta şirkət yaradıblar, mütəmadi olaraq ofislərini dəyişiblər və hətta ünsiyyət üçün özlərinə məxsus şifrəli dil icad ediblər. 

Əldə edilən məlumatlar Çin istehsal avadanlıqlarına uyğunlaşdırılaraq CXMT-nin artıq 2023-cü ildə qabaqcıl yaddaş istehsalına başlamasına və texnoloji fərqi qısa müddətdə aradan qaldırmasına imkan verib. Prokurorlar yarımkeçirici sənayesinin Cənubi Koreyanın ümumi ixracının 20 faizindən çoxunu təşkil etdiyini vurğulayaraq, bu işin milli təhlükəsizlik üçün ciddi təhdid olduğunu bildiriblər. 

Rəsmilər xaricə qeyri-qanuni texnologiya ötürülməsi cəhdlərinə qarşı sərt tədbirlərin davam etdiriləcəyini, həm ölkə daxilində, həm də Çində fəaliyyət göstərən və bu planlarda iştirak edən şəxslərin cəzalandırılacağını açıqlayıblar. 

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
53
1
cebheinfo.az

2Mənbələr