AZ

MİDA-nın “Güzəştli mənzil” sisteminə kiberhücum cəhdi: DTX cinayət işi açdı

3 dekabr 2025-ci il tarixində Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti layihələri üzrə ümumilikdə 627 mənzilin “Elektron hökumət” portalı (http://www.e-gov.az)) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə satışı zamanı informasiya təhlükəsizliyi yüksək səviyyədə təmin edilib.

Yeni Sabah DTX'nın mətbuat xidmətinə istinadən xəbər verir ki, mənzil seçimi prosesinə Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və MİDA tərəfindən nəzarət olunub. Tədbirlər zamanı müxtəlif kiberhücum cəhdləri qeydə alınıb, onlar operativ şəkildə aşkarlanaraq neytrallaşdırılıb.

Aparılmış araşdırmalar nəticəsində müəyyən edilib ki, Azərbaycan Respublikasının vətəndaşları C.Süleymanlı və T.Abdulov əvvəlcədən əldə etdikləri və informasiya texnologiyaları sahəsində xüsusi texniki imkanlardan istifadə etməklə uyğunlaşdırdıqları proqram təminatı vasitəsilə bəzi vətəndaşlara güzəştli mənzil əldə etmə prosesində qanunsuz üstünlük qazandırmağa cəhd ediblər. Onlar 3 dekabr 2025-ci il tarixində saat 11:00 radələrində MİDA-nın “Güzəştli mənzil” informasiya sisteminə qanunsuz müdaxilə edərək kompüter infrastrukturunun normal fəaliyyətinə qəsdən ciddi maneə yaratmağa yönələn hərəkətlər ediblər.

Faktla bağlı DTX-də cinayət işi başlanılıb. Qeyd olunan şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci maddələri (kompüter sisteminə qanunsuz müdaxilə və kompüter sisteminin işləməsinə qəsdən maneə törətmə) ilə cinayət məsuliyyətinə cəlb olunublar.

Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Telegram kanalımız
Seçilən
3
42
yenisabah.az

10Mənbələr