AZ

İşğaldan azad olunmuş ərazilər yenidən qurulur və bu prosesə dövlətimizin başçısı şəxsən nəzarət edir ŞƏRH

Bakı, 26 dekabr, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 24-də Ağdamda 2-ci yaşayış kompleksinin açılışı mərasimində etdiyi çıxış zamanı səsləndirdiyi faktlar bəzi xarici ölkə rəhbərləri, beynəlxalq qurumlar və auditoriya üçün mühüm nəticələr çıxarmaq baxımından xüsusi əhəmiyyət daşıyır. Çünki hazırda Azərbaycanla Ermənistan arasında sülh və normallaşma prosesinin davam etməsi fonunda bu hadisələrə səmimi yanaşmaqla yanaşı, son illərdə həm Ermənistanın, həm ATƏT kimi beynəlxalq qurumların, həm də Fransa kimi bəzi dövlətlərin regionda oynadığı oyunları və bunun nəticəsində Azərbaycan xalqının üzləşdiyi faciələri unutmaq mümkün deyil. Azərbaycan tərəfi bu həqiqətləri unutmadığı kimi, eyni zamanda, həmin tərəflərə bu reallıqları xatırlatmaqda da qətiyyətlidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.

O bildirib ki, dövlətimizin başçısının fikirləri cəmiyyətimiz üçün də xüsusi əhəmiyyət kəsb edir. Çünki Prezident bu tarixin unudulmamasının vacibliyini vurğulamaqla yanaşı, qarşıda duran əsas prioritetlərdən birinin də əbədi sülhün təmin edilməsi üçün Azərbaycanın hər zaman potensial düşmənlərindən bir neçə dəfə güclü olmasının zəruriliyini qeyd edib. Tarixə baxdıqda aydın görünür ki, Ermənistan və bu ölkənin havadarları məhz Azərbaycanın zəif olduğu dövrlərdə hərəkətə keçiblər. Hesab edirəm ki, “Böyük Qayıdış” proqramı da ölkəmiz üçün ən vacib prioritetlərdən biridir və bu proses əbədi sülhün təmin olunmasında xüsusi rol oynayır. Bu məsələyə Prezident tərəfindən göstərilən xüsusi diqqəti biz açıq şəkildə müşahidə edirik. Şərqi Zəngəzur və Qarabağ bölgələri tam mahiyyəti ilə yenidən qurulur və bu prosesə dövlətimizin başçısı şəxsən nəzarət edir.

“Bu isə beynəlxalq auditoriya üçün də mühüm mesajdır: postmüharibə dövrünün əsas elementlərindən biri məhz Böyük Qayıdışdır. Mesaj açıq və birmənalıdır. İşğaldan azad olunmuş ərazilər əbədi olaraq Azərbaycanın torpaqlarıdır və bu ərazilərdə ölkəmizin vətəndaşları yaşayaraq onları yenidən cənnətə çevirəcəklər”, - deyə QHT sədri vurğulayıb.

Seçilən
43
1
azertag.az

2Mənbələr