26 dekabr 2025-ci il tarixində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə ”Dəniz Palace” restoranında bayram tədbiri keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, şəhid ailələri və qazilər, rayon icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov iştirakçıları və onların simasında Qaradağ rayonunun bütün sakinlərini 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə səmimi qəlbdən təbrik edib. Qeyd edib ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü – dünyada yaşayan azərbaycanlıların birlik günüdür. Bu günün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq ənənə halını almışdır. 1991-ci ilin 16 dekabrında Ulu Öndərimiz Heydər Əliyev Naxçıvan Muxtar Respublikasında azərbaycanlıların birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etmişdir. Azərbaycanlılar bu gün ilə fəxr edir və onu qürurla qeyd edirlər. 2025-ci ilin ölkəmiz üçün əhəmiyyətli və yaddaqalan olduğunu bildirdi. Cənab Prezidentin Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” kimi elan olunmuşdur. “Konstitusiya və Suverenlik İli” çərçivəsində ölkəmizdə Konstitusiya müddəaları və suverenliyimizin tam bərpa olunmasında ölkə rəhbərimizin apardığı uğurlu siyasət ictimaiyyətə geniş şərh olunmuşdur.
Çıxışını davam etdirərək ölkəmizin böyük surətlə inkişaf etdiyini bildirdi. Regionlarda geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri Qaradağ rayonunda da yüksələn templə davam etdiyinə diqqət yetirdi. Rayonumuzda yenidən qurulan yollar, qəsəbələrin abadlaşdırılması hər bir sakinimizin rahat yaşaması üçün görülən işlərdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan olunub. Əminik ki, 2026-cı il xalqımız və dövlətimiz üçün daha da uğurlu il olacaqdır.
Daha sonra Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov tərəfindən rayonun ictimai-siyasi həyatında öz fəallığı ilə fərqlənən 40 nəfərə fəxri fərman və dəyərli hədiyyələr təqdim edilib.
Çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev tədbir iştirakçılarını 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik etdi. 2026-cı ilin Azərbaycan xalqı üçün daha da düşərli olacağını qeyd edib.
Tədbirdə çıxış edən Şəhid atası Nizami Hüseynov Vətən Müharibəsində şanlı Zəfər məhz xalqımızın Müzəffər Ali Baş Komandan İlham Əliyev ətrafında yumruq kimi birləşməsi, qəhrəman oğullarımızın müdrik rəhbərin əmrlərini rəşadətlə yerinə yetirməsi nəticəsində mümkün olduğunu qeyd etdi. Dövlət rəhbərliyinin şəhid ailələrinə və qazilərə xüsusi diqqətlə yanaşmasına görə minnətdarlığını bidirən Nizami Hüseynov qəhrəman şəhidlərimizin xatirəsinin daim yüksək tutulacağına əmin olduğunu da bildirib.
Vətən müharibəsi əlili Xanlar Məmmədəliyev onlara göstərilən diqqət və qayğıdan məmnun qaldıqlarını, onları daim diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirib.
Çıxışlar və təltiflər bitdikdən sonra rəngarəng həzin melodiyalar təqdim olunub.
Bununla da tədbir yekunlaşıb.