"Şərur MTK"nın sahibi İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) qarşı “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərov tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi üzrə məhkəmə prosesi başa çatıb.
Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrlik etdiyi prosesdə Emil Səməndərovun vəkili Asim Abbasov çıxış edib.
O bildirib ki, məhkəmə ümumimilikdə ədalətsiz araşdırma aparıb:
"Məhkəmə iş üçün həll edici olan vəsatətlərin bir qismini təmin etmədi. Eyni zamanda, sanki İsfəndiyar Axundov Femidanın (Qədim yunan mifologiyasında ədalət ilahəsi, sonralar ədalət mühakiməsinin mücəssəməsi. Femida gözübağlı və əlində çəki daşları tutmuş vəziyyətdə təsvir olunurdu) bağlı gözlərini bu məhkəmədə açdı. Mən məhkəmədən İsfəndiyar Axundov barəsində ən ağır cəzanın verilməsini xahiş edirəm".
Daha sonra İsfəndiyar Axundovun vəkili Ülvi Nəsibli müdafiə nitqi ilə çıxış edib:
"Demək olar ki, hər dəfə qarşı tərəfin nazı ilə oynamışıq. Manupuliasiya edirlər. İsfəndiyar Axundov tanınmış adamdır. Onun barəsində heç nə olmasa belə, ləkə atırlar. Məhkəmədən İsfəndiyar Axundov barəsində bəraət verilməsini xahiş edirəm".
Bundan sonra İsfəndiyar Axundov son söz deyib:
"Mən şəhidləri və qaziləri aldadan adamları dələduz adlandırmışam. Emilin adını çəkməmişəm. Mənim 75 yaşım var. Ağrılarım çoxdur. Məhkəmədən mənim barəmdə bəraət çıxarmaısını xahiş edirəm. Bu məhkəmə 8 aydır gəlib gedirəm. Bu elə mənim üçün ən böyük cəzadır".
Daha sonra hakim hökm elan edib.Hökmə əsasən, İsfəndiyar Axundovun əməlində cinayət tərkibi olmadığı müəyyən edilib və ona bəraət verilib.
Xatırladaq ki, İsfəndiyar Axundovu “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərov məhkəməyə verib.
Buna əsas kimi Axundovun onu yekun məhkəmə qərarı olmadan dələduz adlandırmasını göstərib. Buna görə də İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib.
Xüsusi ittihamçı İsfəndiyar Axundovun qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsini istəyir.
İsfəndiyar Axundov bu gün məhkəmədə bəraət alması ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, sadəcə aylarla zamanımızı, vaxtımızı aldılar:
"Təkcə bizim yox, hakimin də vaxtı getdi. Burada maraqlı tərəflər vardı. Əslində əhəmiyyətsiz bir şeydi. Mən bunu bilirdim. Onsuz da mənə cəza veriblər. Bir il ərzində nə Naxçıvana gedə, nə də işləyə bildim. Demək olar ki, iki gündən bir məhkəmə keçirilirdi. Bu, süründürməçilik kimi bir şeydi. Başqa nə deyə bilərəm ki?"
İsfəndiyar Axundov, bu kimi halların təkrarlanmamasını arzuladığını da vurğulayıb:
"Nə ola bilərdi ki? Amnistiya var. Cənab Prezident sağ olsun, müstəqillik dövrünün ən böyük amnistiya aktı qəbul olunub. Lap elə cərimə də yazılsaydı, amnistiyaya düşəcəkdi. Sadəcə arzu etmirəm ki, kimsə belə məsələlərə görə get-gələ düşsün. Bəziləri sadəcə özlərini reklam etmək istəyir ki, guya hansısa iş adamını gündə məhkəmələrə aparıb-gətizdirir. Başqa bir məqsəd yoxdur".