AZ

Adəm İsmayıl Bakuvi : "Ağdamdan dünyaya verilən mesaj qayıdış, ədalət və dövlət iradəsinin ideoloji xəritəsidir"



Dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışı müasir Azərbaycan tarixində növbəti mühüm siyasi və ideoloji mərhələ kimi dəyərləndirilməlidir. Bu hadisə yalnız işğaldan azad edilmiş ərazilərdə həyatın bərpası deyil, Azərbaycan dövlətinin postmünaqişə dövrünə dair formalaşdırdığı konsepsiyanın canlı təqdimatı oldu. Cənab Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın açılış mərasimində iştirakı isə bu prosesin dövlət səviyyəsində nə qədər strateji əhəmiyyət daşıdığını açıq şəkildə nümayiş etdirdi.

Bu fikirləri aia.az-a verdiyi açıqlamasında ictimai-siyasi xadim, Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi ifadə edib.

Fikirlərini davam etdirən partiya sədri bildirib ki, Ağdam bu gün təkcə bərpa olunan şəhər deyil. Ağdam dağıdılmış ədalətin dirçəldiyi, beynəlxalq hüququn faktiki olaraq tətbiq edildiyi məkan kimi yeni məzmun qazanır. Prezident İlham Əliyevin çıxışında əsas ideoloji xətt “Böyük Qayıdış” anlayışının yalnız sosial layihə yox, milli ideologiyanın əsas sütunlarından biri kimi təqdim olunmasıdır. Dövlət başçısı açıq mesaj verir: Azərbaycan torpaqlarını geri qaytardıqdan sonra bu əraziləri boş saxlamır, əksinə, insanı mərkəzə alan inkişaf modeli tətbiq edir. 13 hektardan artıq ərazidə salınmış, 1268 mənzili əhatə edən ikinci yaşayış kompleksi bu ideologiyanın maddiləşmiş formasıdır. Burada məqsəd sadəcə məskunlaşma deyil, təhlükəsiz, ləyaqətli və müasir həyatın təminidir. Bu yanaşma beynəlxalq müstəvidə postmünaqişə bərpa modelləri üçün nümunə sayıla bilər. Cənab Prezident İlham Əliyevin çıxışında Ağdamın işğal dövründə “urbisidə” məruz qalması xüsusi vurğulanır. Bu anlayış beynəlxalq hüquq və humanitar diskursda şəhərlərin məqsədli şəkildə məhv edilməsi kimi tanınır. Prezident bu termini təsadüfən işlətmir – bu, Ermənistanın siyasətinin emosional yox, hüquqi və konseptual ifşasıdır. Burada əsas mesaj aydındır: Azərbaycan öz mövqeyini revanşist ritorika ilə deyil, faktlar, anlayışlar və beynəlxalq terminologiya ilə əsaslandırır. Ağdamın bugünkü siması isə həmin urbisid siyasətinə verilən ən güclü cavabdır. Prezident İlham Əliyevin çıxışının ideoloji onurğa sütunlarından biri də Qələbənin izahıdır. Dövlət başçısı bu Qələbəni təkcə hərbi üstünlük kimi deyil, legitim və hüquqa əsaslanan nəticə kimi təqdim edir. “Xalqımız qan tökərək öz ərazi bütövlüyünü bərpa edib” fikri bir daha göstərir ki, Azərbaycan beynəlxalq hüququ öz gücü ilə icra etmiş dövlətdir. Bu yanaşma beynəlxalq auditoriyaya yönəlmiş mühüm mesajdır: Azərbaycan münaqişəni dondurmaqla deyil, bitirməklə regionda yeni təhlükəsizlik reallığı yaradıb. Cənab Prezidentin çıxışında ATƏT-in Minsk qrupuna dair səsləndirilən fikirlər yalnız keçmişə hesablaşma deyil. Bu, beynəlxalq vasitəçilik institutlarının effektivlik böhranına dair siyasi diaqnozdur. Dövlət başçısı faktiki olaraq bildirir ki, ədalət mexanizmləri işləmədikdə, dövlətlər öz suveren hüquqlarını təmin etmək məcburiyyətində qalırlar. Bu fikir beynəlxalq aləm üçün son dərəcə aktualdır və qlobal təhlükəsizlik sisteminin gələcəyi barədə ciddi suallar doğurur. Cənab Prezident İlham Əliyevin ideoloji yanaşmasında sülh anlayışı “unutmaq” üzərində deyil, yaddaş və güc balansı üzərində qurulur. Dövlət başçısı açıq şəkildə bildirir ki, tarixi unutmaq yeni təhlükələr yarada bilər. Bu, postmünaqişə dövrü üçün olduqca real və praqmatik yanaşmadır. Beynəlxalq kontekstdə bu mövqe göstərir ki, Azərbaycan sülhü romantik şüarlarla deyil, təhlükəsizlik və preventiv güc mexanizmləri ilə təmin edir. Bu gün Ağdamda həyata keçirilənlər təkcə regional deyil, qlobal miqyasda öyrənilə biləcək modeldir. Eyni vaxtda yaşayış, sənaye, nəqliyyat, mədəni irs, təhsil və humanitar infrastruktur paralel şəkildə qurulur. Bu isə göstərir ki, Azərbaycan postmünaqişə bərpasını sektorlararası sinxron inkişaf prinsipi üzərində aparır. Ağdamın ikinci yaşayış kompleksinin açılışı və cənab Prezident İlham Əliyevin burada səsləndirdiyi fikirlər müasir Azərbaycan dövlətinin ideoloji portretini açıq şəkildə ortaya qoyur. Bu portretin əsas cizgiləri bunlardır. Suverenlikdən güzəştə getməyən dövlət, insanı mərkəzə alan inkişaf modeli, yaddaşı qoruyan sülh fəlsəfəsi və beynəlxalq hüququ praktik müstəvidə reallaşdıran siyasi iradə. Bu baxımdan Ağdam bu gün yalnız bərpa olunan şəhər deyil – Azərbaycanın dünyaya ünvanladığı siyasi konsepsiyanın ünvanıdır-deyə Adəm İsmayıl Bakuvi fikrini tamamlayıb.



Seçilən
17
aia.az

1Mənbələr