ain.az bildirir, Sia Az portalına istinadən.
"Bu il dünya tarixinə mürəkkəb geosiyasi proseslərin dərinləşdiyi, beynəlxalq münasibətlərdə yeni güc balanslarının formalaşdığı və postmünaqişə reallıqlarının daha aydın şəkildə üzə çıxdığı bir mərhələ kimi yazıldı. Qlobal miqyasda silahlı qarşıdurmaların tam aradan qalxmaması, enerji təhlükəsizliyi, iqtisadi qeyri-sabitlik və beynəlxalq hüququn tətbiqi ətrafında gedən mübahisələr dövlətlərarası münasibətləri daha da gərginləşdirdi". Bu sözləri SİA-ya açıqlamasında tarixçi Sevda Novruzova deyib.
Onun sözlərinə görə, eyni zamanda, böyük güclər arasında rəqabət dərinləşsə də, beynəlxalq təşkilatlar çərçivəsində dialoq və əməkdaşlıq cəhdləri də davam etdi: "Bu il dünyada baş verən hadisələr bir daha göstərdi ki, beynəlxalq sistem yeni bir keçid mərhələsindədir. Regional münaqişələr qlobal təhlükəsizlik gündəmini müəyyənləşdirir, iqtisadi və texnoloji rəqabət isə dövlətlərin strateji qərarlarına ciddi təsir göstərir. İqlim dəyişiklikləri, humanitar böhranlar və miqrasiya problemləri də dünya ictimaiyyətinin diqqət mərkəzində qalmaqda davam etdi. Bu mürəkkəb beynəlxalq fon fonunda Azərbaycan mühüm siyasi, diplomatik və sosial-iqtisadi uğurlara imza atdı. Ən əsas tarixi nailiyyət ölkənin suverenliyinin möhkəmləndirilməsi və postmünaqişə dövründə ardıcıl dövlət siyasətinin həyata keçirilməsi oldu. Azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri, infrastruktur layihələrinin icrası, əhalinin mərhələli şəkildə geri qayıdışı Azərbaycanın dövlət idarəçiliyində yeni inkişaf mərhələsinin göstəricisinə çevrildi.
Azərbaycan bu il beynəlxalq arenada da mövqelərini gücləndirdi. Regional əməkdaşlıq təşəbbüsləri, nəqliyyat və enerji layihələri ölkəni Avrasiya məkanında mühüm strateji tərəfdaş kimi ön plana çıxardı. Diplomatik fəaliyyət nəticəsində Azərbaycan postmünaqişə reallıqlarını beynəlxalq ictimaiyyətə daha sistemli şəkildə təqdim etdi və regional sülh gündəliyinin əsas təşəbbüskarlarından biri kimi çıxış etdi.
Beləliklə, bu il dünya üçün qeyri-müəyyənliklər və çağırışlarla yadda qalsa da, Azərbaycan üçün dövlətçiliyin möhkəmlənməsi, beynəlxalq mövqelərin güclənməsi və tarixi ədalətin praktiki nəticələrə çevrildiyi bir mərhələ kimi tarixə düşdü".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.