"Hazırda görülən işlər son dərəcə ciddi və çətin proseslərdir. Biz həmin ərazilərin nə qədər minalarla çirkləndiyini çox yaxşı anlayırıq. Bu işlər gələcək dövrdə də davam edəcək və bu gün də aktiv şəkildə həyata keçirilir. 2026-cı ildə də bu istiqamətdə fəaliyyətlər davam etdiriləcək və bu, ölkəmiz üçün çox vacib məsələdir".
SİA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabatında media nümayəndələrinin suallarını cavablandırarkən deyib.
Nazir bildirib ki, minalanmış ərazilərin təhlükəsi çox böyükdür:
“Artıq 415 nəfər bu təhlükəli sahələrdə minaya düşüb. Onlardan 4 nəfər həyatını itirib. Çoxu isə ağır yaralanıb – onların arasında mülki vətəndaşlar, qadınlar, uşaqlar və digər bölgələrdən olan insanlar da var. Ermənistan tərəfindən bu minalar geniş şəkildə yerləşdirilib və bu, həm beynəlxalq hüquqa ziddir, həm də humanitar baxımdan qəbuledilməzdir”.
Ceyhun Bayramov əlavə edib ki, məqsəd zərər çəkmiş bölgələrdə həyatın normal axarına qayıtmasını təmin etməkdir:
“Burada əsas məsuliyyət həm bizim üzərimizdədir, həm də beynəlxalq tərəfdaşlarımızla əməkdaşlıq çərçivəsində bu proseslərə dəstək verilməsi vacibdir. Təəssüf ki, hələ də beynəlxalq əməkdaşlıq tam istədiyimiz səviyyədə deyil. Ümumilikdə vəziyyət mürəkkəbdir, lakin bütün resurslarımızla bu təhlükəni aradan qaldırmağa çalışırıq”.
Nazir vurğulayıb ki, gələcəkdə daha da genişmiqyaslı fəaliyyətlər planlaşdırılır və bu, Azərbaycanın təhlükəsizliyi və sabit inkişafı üçün strateji əhəmiyyət daşıyır.