Bu fikirləri Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib.
O, qeyd edib ki, 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin iştirakı və səsləndirdiyi fikirlər idman sahəsinə göstərilən diqqət və qayğının bariz nümunəsi kimi yadda qaldı.
Prezident İlham Əliyev çıxışında vurğuladı ki, idmanın inkişafı Azərbaycanda ardıcıl və məqsədyönlü dövlət siyasətinin əsas istiqamətlərindən biridir. 2025-ci ildə idmançılarımızın beynəlxalq yarışlarda qazandığı rekord sayda medal bu siyasətin real nəticəsidir. Ölkə üzrə müasir idman infrastrukturu yaradılıb, bölgələrdə Olimpiya İdman Kompleksləri fəaliyyət göstərir və gənclərin idmana cəlbi üçün geniş imkanlar mövcuddur.
Dövlət başçısı idmanın gənc nəslin sağlam, vətənpərvər ruhda formalaşmasında mühüm rol oynadığını, beynəlxalq yarışların isə Azərbaycanın idman potensialını və müsbət imicini dünyaya nümayiş etdirdiyini qeyd etdi. Bakı və regionlarda keçirilən nüfuzlu turnirlər, o cümlədən Formula 1, MDB Oyunları, UFC və qarşıdan gələn Xizək üzrə Dünya Kuboku ölkəmizin qlobal idman mərkəzi kimi mövqeyini daha da möhkəmləndirir. Bakının “Dünyanın İdman Paytaxtı” seçilməsi təsadüfi deyil, Azərbaycanın idmana verdiyi önəmin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. İdmançıların və idman mütəxəssislərinin mükafatlandırılması artıq uzun müddət davam edən ənənəyə çevrilib və bu prosesdə Azərbaycanın idman şöhrətini yüksəldən şəxslərin fəaliyyətinin layiqincə qiymətləndirilməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir.
Deputat sonda vurğulayıb ki, digər sahələrdə olduğu kimi idman da ölkəmizdə inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin diqqəti sayəsində idman Azərbaycanda daha geniş populyarlıq qazanıb və gənc nəsilin sağlamlığının qorunmasına, zərərli vərdişlərdən uzaq qalmasına mühüm töhfə verir. Əminliklə demək olar ki, 2026-cı il də idmançılarımız üçün uğurlu olacaq və Azərbaycan bayrağı beynəlxalq arenalarda idmançılarımızın şərəfinə ucaldılacaq.