“Quru sərhədlərin bağlı qalması sirri 2026-cı ilin, ən azı, aprelin 1-nə qədər davam edəcək. Azərbaycanda vətəndaşların konstitutsiya hüquqlarının, formal olaraq “Operativ Qərargah” adlı qeyri-konstitusion qurum tərəfindən məhdudlaşdırılması artıq məmləkət adına böyük bir ayıba çevrilib”.
“Yeni Sabah” xəbər verir ki, bu sözləri öz “Facebook” səhifəsində iqtisadçı Natiq Cəfərli yazıb. O bildirib ki, Quru sərhədlərin bağlı saxlanılması ilə bağlı 3 əsas yanaşma var:
1) “Quru sərhədlər AZAL-a görədir, bu şirkət qazanır” – yanlış və mənasız tezisdir. Quru sərhədlər açıq olanda, Gürcüstan Avropa, Asiya, Türkiyə reysləri yox idimi? Vardı. Quru sərhədlərin bağlı olması ən çox hansı istiqamətdə AZAL-a gəlir gətirir? Bəli, Gürcüstan, Tiflis uçuşlarında. Yaxşı, həftədə Gürcüstana neçə reys var? Cəmi 5 reys var, bəzən 6 reys də olur. Bir təyyarədə neçə sərnişin uça bilər? Ortalama, 150 sərnişin uçur. Bayram və tətil günlərini kənara qoysaq (bu günlərdə bilet baha olur), adi günlərdə gediş-dönüş biletləri 300 manat civarındadır. Təyyarə tam dolu gedib-gəlsə (adi günlərdə həmişə belə olmur), günə bilet satışından 225 min manat daxil ola bilər. Tiflisə bir reysin gediş-gəliş xərcləri, təqribən, 20 min manatdır, deməli, günə 100 min manat bunun maya dəyəridir. Beləliklə, AZAL günə İDEAL şəraitdə günə 125 min manat, aya 3 mln. 750 min, ilə 45 mln. manat, yəni, 25-26 mln. dollar pul qazana bilər. Amma, nəzəra alın ki, quru sərhədlər açıq olanda da Tiflisə gündə 4-5 reys var idi, təyyarə ilə uçanların sayı heç də az deyildi. Yəni, AZAL ilə 25 mln. dollar pul qazanacaq deyə quru sərhəddi bağlı saxlamaq absurddur, deməli, səbəb bu deyil. Hə, əvvəllər Tiflisə gedib ordan Avropaya uçanlar da olurdu, indi sərhəd açıq olsa da, bunu etməzlər, çünki, AZAL-ın Avropa biletləri Gürcüstandan baha deyil, aşağı-yuxarı eynidir, bəzən isə hətta ucuzdur.
2) “Quru sərhədlər təhlükəsizlik məsələsinə görə bağlıdır” – Azərbaycan adına bundan pis tezis ola bilməz. Bizim Ordumuz, təhlükəsizlik orqanlarımız çox güclüdür, elədirsə, bizdən qat-qat zəif olan Gürcüstan və Ermənsitan niyə bu səbəbdəb sərhəddini bağlı saxlamır?! Ukraynaya təcavüz edən Rusiya, varolma mücadiləsi verən Ukrayna belə sərhəddini bağlamayıb, bizə nə düşüb ki, belə bir səbəbdən sərhəddi bağlı saxlayırıq?! Ayıb olur axı.
3) “Quru sərhədlər ona görə bağlıdır ki, ölkədən nəğd valyuta çıxışı azalsın, sərhədyani ticarət olmasın” – Bu tezisi müdafiə edənlərin iqtisadiyyatdan başları çıxmır, onlar anlamırlar ki, “toplananların yerini dəyişəndə, cəm dəyişmir”. Yəni, adı misalla izah edim: tutalım, Gürcüstana əvvəllər Mamed dayı və Asya xala keçib, məsələn, 100 dollarlıq pampers alıb gəlirdilər, onun yarısını özləri, ailələri istifadə edirdi, yarısını satıb bir az qazanırdılar. Məsələ odur ki, o 100 dollarlıq pampersə tələb yerindəcə qalıb axı, yəni, Mamed dayı ilə Asya xala indi Gürcüstana getmir, həmin tələb marketdən alınır. Yaxşı, market o pampersi hardan alır? Bəli, ölkəyə mal gətirən şirkətdən. O şirkər malı nə ilə gətirir? Tapdız, elə həmin 100 dolları xaricə göndərib mal alır, sadəcə, Mamed dayı və Asya xala Gürcüstandan 12-13 manata aldığı pampersi, Azərbaycanda 18-19 manata alır. Heç nə dəyişmir, həmin 100 dollar yenə ölkədən çıxıb-gedir. Hə, hələ onu da deyim ki, quru sərhədlərin açıq olması Azərbaycanı da ciddi qazandıra bilər, turizm və sərhədyanı ticarət ölkəmizə qazandırırdı, indi o da yoxdur.
Özünüz baxın, səsləndirilən bağlı olması ilə bağlı səsləndirilən hər 3 səbəb, bəhanə keçərli deyil axı, yaxşı, o zaman bu sirri kim açıqlayacaq, kim normal açıqlama verib, bu ayıbı, heç olmasa, izah etməyə çalışacaq?! Gürcüstanda yaşayan yüzminlərlə soydaşımızın bu 5 ildə nə zülm çəkdiyini bizim hökumət anlamırmı? Bu məsələnin sosial, hətta psixoloji problemlər yaratdığını görmürmü? Gürcüstanda yaşayan soydaşlarımız Azərbaycana arxa-dayaq, fəxr, qürur mənbəyi kimi baxırlar, onları incitmək bizin hansı işimizə yarayır ki?!”