İran mediasında Azərbaycana qarşı qarayaxma kampaniyası davam edir. Əsasən iki ölkə arasında münasibətlər yaxşılaşan ərəfədə belə halların müşahidə edilməsi təəccüblüdür. Çünki Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumdan sonra pisləşən münasibətlər, artıq sağlamlaşmağa başlayıb. Lakin Tehrandakı bəzi qüvvələrin ara vurmaq cəhdləri də intensivləşib.
“Rasa News” saytı iddia edib ki, guya İsrailin Azərbaycanda hərbi bazası var:
“İsrailin Bakıdakı hərbi mövcudluğu, Təl-Əvivin İrana qarşı kəşfiyyat və dron əməliyyatları üçün Azərbaycanın quru, hava və dəniz bazalarından istifadə etməsi ilə müşahidə olunur. İrana qarşı son hücumlarda Bakının rolu ilə bağlı İsrailin İrana qarşı hərbi təcavüzü zamanı ivrit mediasının dərc etdiyi dəlillər göstərir ki, Azərbaycan artıq əməliyyatdan xəbərdar idi və infrastrukturunu isə Təl-Əvivin ixtiyarına veribmiş”.
Xatırladaq ki, bundan əvvəl isə xarici işlər naziri Abbas Əraqçi Bakıya gəlmişdi. Yəni münasibətlərin belə bir dönəmində İranın mühafizəkar qanadına bağlı, əsasən SEPAH-ın himayəsində olan media resursları çeynənmiş fikirləri, böhtanları yağdırır.
Ali dini rəhbərə yaxın dairələr Bakıdan nə istəyir?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi ekspert Fikrət Nəsrəddinzadə qeyd edib ki, Azərbaycan bütün qonşuları ilə normal münasibətlər qurur və bunu sağlam strateji məntiqlə inkişaf etdirmək əzmində olan mövqe nümayiş etdirir:
“Ancaq təəssüf ki, İran hərbi-siyasi sistemində dərin kök salmış qüvvələr və onların himayə etdiyi qrupların Azərbaycana qarşı şüuru dəyişmir ki, dəyişmir.
Çoxları elə bilirlər ki, Azərbaycanla münasibətlərə pəl vurmaq istəyən İran hakimiyyətidir, daha doğrusu, prezidentlik institutudur. Ancaq məsələ bu qədər sadə deyil.
İrandakı hakimiyyət müvəqqətidir, onun əsas funksiyası digər ölkələrlə iqtisadi prioritetlər əsasında münasibətlər inşa etməkdir. Prezidentlik institutunun yazılmayan mənəvi funksiyası da mövcuddur, belə ki, hər-hansı ölkə ilə münasibətlər pozulanda İran iqtidarı ali rəhbərliyin ittiham edilməməsi üçün bufer zonaya çevrilir”.
Ekspert qeyd edib ki, İran iqtidarı Tehranın köklü siyasətinə müdaxilə etmək potensialına malik deyil, həlledici qərarları ali dini rəhbər və İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) verir:
“SEPAH üçün həmişə düşmən lazımdır, rəsmi Tehranın “şiə hilalı” strategiyasının həlledici icraçısıdır, hər-hansı müsəlman ölkəsində iğtişaşlar olarkən SEPAH bundan qazanır və hakimiyyətlərə qarşı alternativlər formalaşdırır. SEPAH-ın Azərbaycana qarşı düşmən mövqeyi yeni deyil. Bu, hələ 1990-cı illərdən, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra müşahidə olunur. Bu qurum zaman-zaman bəyan edərək bildirir ki, regionda sərhədlərin dəyişməsi İranın “qırmızı xətti”dir və buna imkan verilməyəcək. Amma Ermənistan Azərbaycanın torpaqlarını işğal edəndə nə SEPAH, nə də İran rejimi buna etiraz etdi. Heç bir rəsmi bəyanat verilmədi. Əksinə, Ermənistan işğal dövründə Azərbaycan torpaqlarında güclənərkən, İranın dəstəyi açıq hiss olunurdu”.
Nəsrəddinzadənin sözlərinə görə, SEPAH və İran rejimi separatçı rejimin ayaqda qalması üçün əsas dəstəkçi qüvvələrdən biri olub:
“Bu baxımdan SEPAH-ın indi Azərbaycanın əleyhinə əsassız bəyanatlar verməsi, onu müxtəlif qondarma ittihamlarla hədəfə alması tamamilə qeyri-ciddi və məntiqsiz yanaşmadır. Əgər İran həqiqətən Azərbaycanla münasibətləri normallaşdırmaq istəyirsə, ilk növbədə öz daxilindəki radikal dairələrin davranışlarına nəzarət etməli və münasibətlərin gərginləşməsinə xidmət edən ritorikadan uzaq durmalıdır”.