AZ

“NATO ilə müharibə müasir sivilizasiyanın sonu ola bilər” “Burada heç bir illüziyaya yer yoxdur”

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Qriqori Yavlinski: “Hazırkı şəraitdə heç kim heç kimə real təhlükəsizlik zəmanəti verə bilməz və verməyəcək”

Rusiyanın tanınmış müxalif siyasətçisi, “Yabloko” partiyasının qurucusu Qriqori Yavlinski Youtube kanallarının birinə müsahibəsində Avropa siyasətçilərinin Rusiyanın Avropaya mümkün hücumu, Rusiya–NATO müharibəsinin qaçılmazlığı və “döyüş meydanında qələbə” ilə bağlı bəyanatlarını diplomatik baxımdan təhlükəli və perspektivsiz adlandırıb.

Yavlinski çıxışında bildirib ki, bu cür açıqlamalar və onlara paralel olaraq mediada gedən müzakirələr dünyanı qlobal fəlakətə sürükləyir. Onun sözlərinə görə, NATO ilə Rusiya arasında birbaşa müharibə ilk saatlar və ya günlər ərzində nüvə zərbələrinin qarşılıqlı mübadiləsinə gətirib çıxaracaq.

“Bu isə müasir sivilizasiyanın sonu deməkdir. Burada heç bir illüziyaya yer yoxdur”, – deyə siyasətçi vurğulayıb.

Yavlinski qeyd edib ki, Avropada hərbi xərclərin sürətlə artırılması, Ukrayna münaqişəsinin davamı üçün əlavə vəsaitlərin ayrılması, vergilərin artırılması gözləntiləri və real iqtisadi artımın olmaması sosial və iqtisadi problemləri daha da dərinləşdirir.

Onun fikrincə, bu proses Avropa cəmiyyətlərində narazılığı artırır və sağ populist qüvvələrin hakimiyyətə gəlməsi ehtimalını yüksəldir.

“Bu isə böyük ehtimalla Avropa İttifaqının dağılması ilə nəticələnə bilər. Belə bir ssenari insanların azadlıq və ləyaqətin qorunacağına dair ümidlərini məhv edir”, – deyə o bildirib.

Müxalif siyasətçi müharibənin davam etməsinin mənasız olduğunu vurğulayaraq qeyd edib ki, artıq dörd ilə yaxın vaxt keçməsinə baxmayaraq, hər gün döyüşlərin davamı yeni insan itkilərinə və gələcəyin məhv edilməsinə səbəb olur.

“Hazırkı şəraitdə heç kim heç kimə real təhlükəsizlik zəmanəti verə bilməz və verməyəcək. Müharibənin alternativi yalnız uzunmüddətli, çətin və ciddi diplomatik danışıqlar prosesidir”, – deyə Yavlinski bildirib.

O, ABŞ-ın Ağ Ev tərəfindən açıqlanan yeni Milli Təhlükəsizlik Strategiyasına da diqqət çəkərək qeyd edib ki, Vaşinqtonun mərhələli şəkildə Avropadan çəkilmək niyyəti Avropa İttifaqının gələcəyi və NATO-nun perspektivlərini qeyri-müəyyən edir:

“Avropanın, məsələn, 2050-ci ilə qədər necə bir gələcəyi olacaq? Bu suala nə cavab var, nə də cavab axtarışı”, – deyə siyasətçi vurğulayıb.

Rusiyanın daxili vəziyyətinə toxunan Qriqori Yavlinski bildirib ki, 1990-cı illərdə aparılan iqtisadi və siyasi islahatların iflası ölkəni xüsusi bir tarixi mərhələyə gətirib çıxarıb və Rusiya fundamental dəyişikliklərə ehtiyac duyur. Lakin onun fikrincə, mövcud şəraitdə dərin və keyfiyyətli dəyişikliklərin baş verməsi real deyil.

Yavlinski hesab edir ki, müsbət dəyişikliklərə doğru hərəkət üçün ilk və vacib şərt Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatların dayandırılmasıdır:

“Gərginliyin artmasının qarşısını almaq üçün mövcud şərtlərlə atəşkəs razılaşması bağlanmalı, bundan sonra isə danışıqlara başlanmalıdır. Bu, Ukraynanın, Rusiyanın, Avropanın və hətta Donald Trampın maraqlarına uyğundur”, – deyə o vurğulayıb.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
azpolitika.info

1Mənbələr