AZ

Dəm qazı: Hər an baş verə biləcək faciə - Necə qorunaq?

Son günlərdə dəm qazından boğulma hallarının artması cəmiyyət üçün ciddi problemə çevrilib. Xüsusilə qış aylarında kömür, qaz və digər yanacaq mənbələrinin düzgün istifadə edilməməsi bu faciələrin baş verməsinə səbəb olur. Boğulma halları həm fiziki, həm də psixoloji təsirlər yaradır, ailələr üçün böyük itkilərə səbəb olur. Bu problem ictimai sağlamlıq və təhlükəsizlik məsələsidir. Ona görə də bu hallar barədə maarifləndirmə və qabaqlayıcı tədbirlər böyük əhəmiyyət kəsb edir.

Mövzu ilə bağlı Missiya.Az-a danışan təhlükəsizlik üzrə ekspert Orxan Musayev bildirib ki, sobadan, kombidən, kamin və digər istilik qurğularından istifadə gündəlik həyatın bir hissəsinə çevrilir.

"Lakin bu dövrdə çox vaxt diqqətdən kənarda qalan və insan həyatı üçün birbaşa təhlükə yaradan ciddi bir məsələ mövcuddur. Bu da tüstü bacalarının vəziyyətidir. Tüstü bacaları bəzən evdən tüstünü xaric edən sadə qurğu kimi qiymətləndirilsə də, düzgün işləməyən baca insan həyatı üçün böyük təhlükə mənbəyinə çevrilə bilər. Çünki dəm qazı zəhərlənməsi, yanğın və digər faciələrin əsas səbəblərindən biri məhz nasaz bacalardır. Təəssüf ki, hər il qış mövsümündə dəm qazından zəhərlənmə halları qeydə alınır və bu hadisələrin əksəriyyəti ölümlə nəticələnir. Statistik məlumatlara görə, hər il onlarla insan məhz dəm qazı səbəbindən həyatını itirir",- deyə Orxan Musayev qeyd edib.

Ekspert vurğulayıb ki, baş verən hadisələrin böyük əksəriyyəti tüstü bacalarının vaxtında təmizlənməməsi və texniki nasazlıqlar ilə bağlıdır:

"Bir çox fərdi evlərdə bacalar illərlə təmizlənmir. Çoxmənzilli binalarda isə tüstü bacaları və ventilyasiya sistemlərinin saz vəziyyətdə saxlanılması mənzil-kommunal təsərrüfatlarının və ya MTK-ların öhdəliyinə düşsə də, bu işlər əksər hallarda lazımi səviyyədə icra olunmur. Problemlərin əsas səbəblərindən biri bacaların köhnəlməsidir. Xüsusilə sovet dövründə tikilmiş binalarda və fərdi evlərdə illərlə təmizlənməyən tüstü bacaları artıq yararsız hala düşüb. Çatlar, qopmuş kərpiclər və tutulmuş kanallar dəm qazının evin içinə dolmasına şərait yaradır. Digər mühüm səbəb isə qeyri-peşəkar müdaxilələrdir. Bəzi hallarda ev sahibləri bacaları özləri təmizləməyə çalışır. Bu isə bacanın zədələnməsinə və qazın yaşayış sahəsinə sızmasına səbəb ola bilər. Belə işlər yalnız ixtisaslaşmış mütəxəssislərə həvalə edilməlidir",- ekspert bildirib.

Ekspert əlavə ki, qanunvericiliyə əsasən, fərdi evlərdə tüstü bacalarının işlək vəziyyətdə saxlanılması ev sahibinin məsuliyyətidir:

"Çoxmənzilli binalarda isə bu öhdəlik mənzil-kommunal idarələrinin və MTK-ların üzərinə düşür. Lakin real vəziyyətdə vətəndaşlar tez-tez çaşqınlıq yaşayır və hara müraciət edəcəklərini bilmirlər. Bu səbəbdən dövlət səviyyəsində vahid qayda və vahid sistemin yaradılmasına ehtiyac var. Vətəndaş harada yaşamasından asılı olmayaraq, dövlətin tanıdığı rəsmi bir quruma müraciət etməlidir. Bu həm məsuliyyətin dağınıq olmamasını, həm də xidmətin keyfiyyətinə zəmanət verilməsini təmin edər.

Dəm qazı zəhərlənmələrinin qarşısının alınmasında beynəlxalq təcrübədə geniş istifadə olunan dəm qazı detektorlarının da xüsusi rolu var. Bu qurğular sadə, batareya ilə işləyən və nisbətən ucuz cihazlardır, lakin həyati əhəmiyyət daşıyır. Evdə dəm qazı toplanmağa başlayan kimi səs siqnalı verərək insanları təhlükə barədə xəbərdar edir. Avropa ölkələrində bu detektorlardan istifadə məcburi xarakter daşıyır və bu tələb illərin acı təcrübəsi nəticəsində qanunvericilikdə təsbit olunub. Minlərlə insanın həyatını xilas edən bu cihazlar, təəssüf ki, ölkəmizdə hələ geniş yayılmayıb", deyə Orxan Musayev bildirib.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
46
missiya.az

1Mənbələr