AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC vaqon parkında ehtiyat tədbirləri gücləndirmək və sərnişin tələbatına uyğunlaşdırmaq məqsədilə Bənövşəyi xətdə 5 vaqonlu qatar tərkiblərinə keçid edib.
Moderator.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Bildirilib ki, bir müddət öncə Bənövşəyi xətdə intervalın “Avtovağzal–Xocəsən” sahəsində 16 dəqiqədən 10 dəqiqəyə, “Avtovağzal–8 Noyabr” sahəsində isə 8 dəqiqədən 5 dəqiqəyədək azaldılması nəticəsində qatarların hərəkət intensivliyi artırılıb, sərnişinlərin vaxta qənaət etməsi və ümumi rahatlığın yüksəldilməsi təmin olunub.
Günün müxtəlif vaxtlarında sərnişin tələbatı və axını monitorinq edilib. Aparılan təhlillər göstərib ki, xidmət keyfiyyətinə təsir etmədən bir sıra texniki yeniliklərin tətbiqi mümkündür.
Dəyişiklik vaqon parkında ehtiyat tədbirlərini artırmaqla yanaşı, texniki xidmətin keyfiyyətinin və imkanların genişləndirilməsinə şərait yaradır. Bu, eyni zamanda vaqon parkına baxış, qulluq, xidmət və təmir proseslərinin daha operativ və planlı şəkildə həyata keçirilməsini təmin edəcək.
Bənövşəyi xətdə monitorinqlər davamlı olaraq aparılacaq. Sərnişin tələbatı artacağı və zərurət yaranacağı təqdirdə stansiya platdormalarının texniki imkanlarına uyğun olaraq yeddi vaqonlu qatar tərkibləri formalaşdırılması təmin ediləcək.