AZ

Müharibə regiona sıçrayır

Zelenskinin açıqladığı 20 maddəlik sülh planı Trampı qıcıqlandırmamağa və topu Putin tərəfə atmağa hesablanıb. Zelenskinin planındakı ərazi məsələsi, NATO-bənzəri zəmanət tələbi və Rusiyanın öhdəliklərinə dair məqamların Putin tərəfindən qəbul olunması inandırıcı görünmür. Ümumilikdə, Trampın təzyiqi ilə aparılan sülh danışıqlarında ortaya çıxan mənzərə budur ki, həm Putin, həm də Zelenski günahı qarşı tərəfə yükləyərək müharibənin davam etməsində maraqlıdır.

Rusiya-Ukrayna müharibəsinin bizim üçün önəm kəsb edən prizmasında paradoks ortaya çıxıb. Daha əvvəllər müharibənin davam etməsinin birmənalı olaraq bizim üçün sərfəli olduğunu deyə bilərdik. Təbii ki, “ikinci SSRİ” arzusunda olan Rusiyanın Ukrayna bataqlığında ilişməsi və burada böyük resurslar xərcləməsi Qarabağ münaqişəsinin tam həlli başda olmaqla, bir çox geosiyasi qazanclara imkan yaratdı və Cənubi Qafqazın mənzərəsini tam dəyişdi.

Amma dördüncü ilini tamamlayan müharibə getdikcə qonşu regionlara da sıçramağa başlayıb. Elə bir il əvvəl AZAL təyyarəsinin Şimali Qafqaz səmasında vurulması bu müharibənin ilk birbaşa təsirlərindən biri oldu və Rusiya–Azərbaycan münasibətlərində hələ də davam edən ciddi gərginliyi ortaya çıxardı. Bununla yanaşı, Ukrayna PUA-larının Xəzər dənizində Rusiya hədəflərini vurması da Xəzər hövzəsini müharibənin perimetrinə salıb.

Eyni zamanda, son həftələrdə Türkiyə də açıq şəkildə müharibənin təsirlərinə məruz qalır. Qara dənizdə türk yük gəmilərinin vurulması və rus PUA-larının paytaxt Ankaraya qədər gəlib çatması Türkiyəni çətin vəziyyətə salır. Türkiyənin bu müharibəyə qoşulması və ya tərəf olması Azərbaycan üçün böyük risk faktorudur.

Rusiya-Ukrayna müharibəsinin ətraf regionlara sıçrayacağı gözlənilən idi. Lakin qığılcımlar ilkin ehtimallarda olduğu kimi Avropaya doğru deyil, getdikcə daha çox şərq istiqamətində yayılır. Bu reallıq fonunda müharibənin uzanmasına əvvəlki illərdəki kimi nikbin yanaşmaq mümkün deyil. Toqquşmanın beşinci ilə uzanması daha çox insident və təhlükəsizlik problemləri vəd edir. Bir sözlə, artıq müharibənin davam etməsinə təkcə geosiyasi qazanc kimi baxıla bilməz. Bundan sonrakı mərhələdə proseslərdən kənarda qalmaq çox çətin görünür, turbulansa hazır olmaq lazımdır.

Seçilən
4
vaxt.az

1Mənbələr