AZ

Almaniyada tənhalıqla mübarizə üçün 500 milyon avroluq fondun yaradılması təklif edilib

Almaniyanın Şəhərlər və İcmalar Assosiasiyasının rəhbəri Andre Berqheqqer sosial infrastruktura investisiyaların artırılması və azı 500 milyon avro həcmində büdcə ilə tənhalıqla mübarizə üçün federal fond yaradılması təklifini irəli sürüb.

"Report" xəbər verir ki, o, bu barədə "Funke" media qrupuna müsahibəsində danışıb.

Onun sözlərinə görə, tənhalıqla mübarizə vəsait çatışmazlığı səbəbindən uğursuzluğa düçar olmamalıdır. Berqheqqer vurğulayıb ki, bələdiyyələrin maliyyələşdirilməsinin əhəmiyyətli dərəcədə artırılması ilə yanaşı, həm də tənhalığa qarşı geniş miqyaslı federal və əyalət proqramına ehtiyac var.

"Bələdiyyələr tənhalığın ilk növbədə hiss edildiyi və onunla ən səmərəli mübarizə apara biləcək yerdir", - Berqheqqer qeyd edib. Onun sözlərinə görə, ictimai məkanlar uzunmüddətli fasilələr, bayram günləri və erkən bağlanma olmadan əlçatan olmalıdır. O, nümunə olaraq kitabxanaları göstərib.

A.Berqheqqer vurğulayıb ki, tənhalıq təkcə yaşlı insanlara toxunmur və müxtəlif yaş kateqoriyalarının probleminə çevrilib. Onun fikrincə, fondun maliyyələşdirilməsi Avropa İttifaqının vəsaitləri, federal büdcənin istifadə olunmayan qalıqları və ya büdcə təxsisatlarının yenidən bölüşdürülməsi hesabına həyata keçirilə bilər.

Seçilən
24
far.az

1Mənbələr