AZ

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

ain.az, Bizimyol saytına istinadən bildirir.

DİM sədri Məleykə Abbaszadənin “uşaq nizam-intizamlıdırsa, repetitora ehtiyac yoxdur” fikri kağız üzərində olduqca məntiqli və arzuolunandır. Kaş ki, reallıq da bu qədər sadə olaydı. Təəssüf ki, bu yanaşma illərdir formalaşmış təhsil sisteminin problemlərini uşağın və valideynin üzərinə yükləməkdən başqa bir şey deyil.

Əgər doğrudan da yalnız DİM-in nəşr etdiyi dərs vəsaitlərini oxumaq imtahanda uğur qazanmaq üçün kifayət edirsə, bəs niyə minlərlə şagird illərdir repetitor qapılarını döyür? Niyə repetitorluq “alternativ” yox, faktiki olaraq paralel təhsil sisteminə çevrilib? Problem uşaqların hamısının nizam-intizamsız və məsuliyyətsiz olmasındadırmı, yoxsa sistemin özündə?

Bu gün orta məktəblərdə dərs yükü ağır, proqram sıx, müəllim-şagird münasibəti isə çox vaxt formal xarakter daşıyır. Sinifdə 30–35 şagird olan şəraitdə hər bir uşağın fərdi xüsusiyyətlərini nəzərə almaq, onun zəif və güclü tərəflərini inkişaf etdirmək mümkünsüzdür. Belə vəziyyətdə valideyn repetitoru “lüks” yox, çıxış yolu kimi görür.

Məleykə Abbaszadə erkən yaşlardan müstəqillik, öz üzərində işləmək, məsuliyyət kimi keyfiyyətlərin formalaşdırılmasından danışır. Bu, şübhəsiz ki, doğrudur. Amma sual yaranır ki, bu keyfiyyətləri uşaqlara kim və necə aşılamalıdır? Təhsil sistemi özü bu bacarıqları formalaşdırmağa nə qədər hazırdır? Əzbərçiliyə əsaslanan, imtahan yönümlü proqramlar uşağı düşünməyə yox, test həll etməyə öyrədir. Nəticədə şagird dərsi başa düşmək üçün yox, bal toplamaq üçün oxuyur.

Digər tərəfdən, repetitorluğun yaranmasının əsas səbəblərindən biri də imtahanların formatıdır. DİM imtahanları məktəb proqramı ilə tam uzlaşmırsa, şagird təbii olaraq “imtahan dili”ni bilən repetitor axtarır. Bu, uşağın zəifliyi yox, sistemin öz-özünə yaratdığı ziddiyyətdir.

Valideynlər də günahlandırılmamalıdır. Onlar övladlarının gələcəyini riskə atmaq istəmirlər. Seçim sadədir ya repetitor, ya da qeyri-müəyyən nəticə. Belə şəraitdə “repetitora ehtiyac yoxdur” demək reallıqdan çox uzaq səslənir.

Əgər repetitorluq sıradan çıxmalıdırsa, bu yalnız çağırışla yox, köklü islahatlarla mümkündür. Məktəbdə dərsin keyfiyyəti artmalı, proqram imtahanlarla uyğunlaşdırılmalı, müəllimin nüfuzu və məsuliyyəti gücləndirilməlidir. Əks halda məsuliyyəti yalnız uşağın üzərinə qoymaq asan, amma ədalətsiz yanaşmadır.

Repetitorluq bu gün səbəb deyil, nəticədir. Səbəbi aradan qaldırmadan nəticəni tənqid etmək isə problemi həll etmir, sadəcə onu ört-basdır edir.

Leyla Mirzə, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
bizimyol.info

1Mənbələr